Yuxarı
    Bağlamaq

    Bakıda keyfiyyəti şübhə doğuran 4 baş heyvan cəmdəyi aşkarlanıb

    Müayinələrin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcək

    Bakı. 15 yanvar. REPORT.AZ/ Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mütəxəssisləri Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşları ilə birgə mənşəyi məlum olmayan, baytarlıq-sanitariya cəhətdən keyfiyyəti və təhlükəsizliyi şübhə doğuran ət və ət məhsullarının satışının qarşısını almaq məqsədi ilə reyd keçirib. Bu barədə "Report"a DBNX-nin mətbuat xidmətindən bildirilib.

    Reyd zamanı Bakı şəhəri S.Vurğun küçəsində Ağcabədi rayon Aşağı Avşar kənd sakini Nəbiyev Şamxal Kərim oğlunun idarə etdiyi "Daevo sentral" 10 PV 475 dövlət nömrə nişanlı maşın saxlanılıb. Maşına baxış keçirilən zaman Bakı şəhərinə satış üçün gətirilən sağlamlığı, mənşəyi barədə heç bir sənədi olmayan və qida üçün orqanoleptik göstəriciləri şübhə doğuran 4 baş heyvan cəmdəyi aşkar edilib. Cəmdəklərin mənşəyinin hansı növ heyvana aid olduğunu, məcburi kəsildiyini, yaxud ölmüş heyvan cəmdəyinin olmasını aydınlaşdırmaq, onların xəstəlik törədiciləri daşımasının yoxlanılması üçün həmin cəmdəklərdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına (RBL) gətirilib.

    Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək və tədbirlər görüləcək. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, mənşəyi məlum olmayan, keyfiyyəti şübhə doğuran, insan qidası və sağlamlığı üçün yararsız və təhlükəli olan heyvandarlıq məhsullarının emalının və satışının qarşısı qətiyyətlə alınacaq və belə qanunsuz işlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi