Bakıda fitosanitariya ilə bağlı tədbir keçirilib

Bakıda fitosanitariya ilə bağlı tədbir keçirilib Bakı. 27 noyabr. REPORT.AZ/ Bu gün Bakıda “Fitosanitar karantin nəzarətində olan məhsullarin ənənəvi ixrac bazarlarındakı mövqelərin möhkəmləndirilməsi məqsədi ilə fitosanitariya sahəsində beynəlxalq standartlarin təmin edilməsi” mövzusunda tədbir keçirilib.
ASK
27 Noyabr , 2017 15:18
Bakıda fitosanitariya ilə bağlı tədbir keçirilib

Bakı. 27 noyabr. REPORT.AZ/ Bu gün Bakıda “Fitosanitar karantin nəzarətində olan məhsullarin ənənəvi ixrac bazarlarındakı mövqelərin möhkəmləndirilməsi məqsədi ilə fitosanitariya sahəsində beynəlxalq standartlarin təmin edilməsi” mövzusunda tədbir keçirilib.

“Report” bu barədə Kənd Təsərrüfatı Nazirliyinə (KTN) istinadən xəbər verir.

Məlumata görə, tədbirdə Nazirlik yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (DFNX) rəisi Camal Quliyev və xidmətin əməkdaşları, Ümumdünya Ərzaq Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin nümayəndələri, Azərbaycan Meyvə-tərəvəz istehsalçıları və ixracatçıları Assosiasiyasının sədr müavini Jalə Əmirbəyova, Gəncə-Qazax, Şəki-Zaqatala, Mərkəzi Aran bölgələrinin və Naxçıvan MR-nın ixracyönümlü kənd təsərrüfatı məhsullarının istehsalçıları və ixracatçıları iştirak edib.

Tədbirin əsas məqsədi sahibkarlara fitosanitar karantin nəzarətində olan məhsulların ənənəvi ixrac bazarlarındakı mövqelərinin möhkəmləndirilməsi məqsədi ilə fitosanitariya sahəsində milli və beynəlxalq qanunvericiliyin aşılanması, ixrac üçün məhsul istehsalında fitosanitar təhlükəsizlik baxımından kritik nəzarət nöqtələri, zərərli orqanizmlərlə mübarizənin təşkili, ləğvedici tədbirlər sistemi, karantin rejiminin tətbiqi, ixrac öncəsi karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışının keçirilməsinin zəruriliyi, ağac qablaşdırma materiallarına qoyulan fitosanitar tələblər (İSPM 15), həmçinin idxalçı ölkələrin fitosanitar karantin tələbləri, Azərbaycanda fitosanitar karantin nəzarətində olan məhsulların ixrac üçün sertifikatlaşdırılması sistemi, ixrac üçün yoxlamaların təhlili zəruriliyi barədə məlumatların verilməsi və bu sahədə dəstəyin göstərilməsindən ibarət olub.

C.Quliyev bildirib ki, bu ilin ilk 10 ayında Azərbaycandan 30-dan artıq ölkəyə ümumi çəkisi 408 186,9 ton olan, 375 321,6 min ABŞ dolları dəyərində meyvə - tərəvəz məhsulları ixrac olunub. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən çəki ifadəsində 44181,2 ton və yaxud 54,6%, dəyər ifadəsində isə 104 479 min ABŞ dolları və yaxud 38,6% çoxdur. Pomidor və kartof ixracı 50%-dən artıq, soğan və sarımsaq ixracı isə 24,2 dəfə artıb. Eyni zamanda tütün xammalının ixracı 2,1 dəfə, pambıq məhsullarının ixracı isə 6,8 dəfə artıb.

DFNX-nin rəisi sahibkarlığın inkişafına verilən dövlət dəstəyi və bu sahədə KTN-nin həyata keçirdiyi tədbirlər, həmçinin ixrac potensialının gücləndirilməsi, idxaldan asılılığın azaldılması, davamlı ərzaq təhlükəsizliyinin təmin edilməsi barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, son illər DFNX-nin çevik idarəetmə strukturunun formalaşdırılması, zərərli orqanizmlərin diaqnostikası və keyfiyyətə nəzarət üzrə milli laboratoriyaların diaqnostik səviyyəsinin yüksəldilməsi, respublika ərazisində fitosanitar vəziyyətin elmi əsaslarla idarə edilməsi mexanizminin təkmilləşdirilməsi, fitosanitar sabitliyin qorunub saxlanılması, qeyri-dövlət fitosanitar xidməti subyektlərinin inkişafının dəstəklənməsi nəticəsində bitkiçilik məhsullarının istehsalının artırılması, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, insan sağlamlığına və ətraf mühitə pestisidlərin zərərli təsirinin minimuma endirilməsi istiqamətində ciddi addımlar atılıb.

C.Quliyev 11 regionda həm Aqrokimya Laboratoriyası, Karantin Ekspertiza Laboratoriyası, həm də Nəzarət Toksikologiya Laboratoriyalarınn funksiyasını həyata keçirən vahid laboratoriya sisteminin yaradılmasını və bu sistemin əhəmiyyətliliyini vurğulayıb. O qeyd edib ki, məsələlərə kompleks yanaşılması və istehsal edilən məhsulun keyfiyyətinə nəzarətin gücləndirilməsi sağlam və keyfiyyətli məhsulların ixracının artırılmasına səbəb olacaqdır: “Azərbaycan üçün ənənəvi ixrac bazarlarında mövqelərin möhkəmləndirilməsi və ixrac coğrafiyasının genişləndirilməsi üçün beynəlxalq fitosanitar standartların tələblərinə uyğun sağlam və keyfiyyətli məhsulun istehsal edilməsi vacib şərtlərdəndir. KTN bu sahədə sahibkarlara lazımi dəstək göstərir və göstərməkdə davam edəcək”.

J.Əmirbəyova isə KTN-nin həyata keçirdiyi bu tədbirlərin sahibkarların maarifləndirilməsində əhəmiyyətini qeyd edərək son illərdə aparılan aqrar islahatların real nəticələr verdiyini və bu sektorda fəaliyyət göstərən sahibkarlar üçün yaradılmış əlverişli şəraitdən danışıb. Sonra DFNX-nin sektor müdiri Xəyalə Dadaşova, Dövlət Xidmətinin Respublika Karantin Ekspertiza Mərkəzinin Direktoru Taleh Şəmiyev və Respublika Toksikologiya və keyfiyyətə Nəzarət Mərkəzinin Direktoru Fuad Ağayev beynəlxalq fitosanitar qanunvericilik, idxalçı ölkələrin fitosanitar karantin tələbləri, ixrac zamanı məhsulların fitosanitar sertifikatlaşma sistemi, uyğunsuzluqlar üzrə notifikasiya sistemi, bitkiçilik məhsullarının tərkibində pestisid, nitrat və nitritlərin qalıq miqdarının minimal hədləri baradə tədbir iştirakçılarına ətraflı məlumat veriblər.

Sonda sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi