Azərbaycanın ev sahibliyi etdiyi COP29 sessiyası çərçivəsində Dayanıqlı Transformasiya üçün Ərzaq və Kənd Təsərrüfatı (FAST) tərəfdaşlığı üzrə nazirlər görüşü keçirilib.
"Report" xəbər verir ki, COP29 Sədrliyi, Kənd Təsərrüfatı Nazirliyi və FAO ilə əməkdaşlıq çərçivəsində baş tutan görüşün moderatorluğunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) İqlim Dəyişikliyi, Biomüxtəliflik və Ətraf Mühit Ofisinin Direktoru Kaveh Zahedi edib.
Tədbirdə çıxış edən nazir Məcnun Məmmədov FAST-ı iqlim dəyişikliyindən təsirlənən kiçik fermerlərə, kənd icmalarına çatmaq üçün maliyyəni səfərbər etməklə kənd təsərrüfatında effektiv iqlim fəaliyyətinə təcili ehtiyacı həll edən mühüm platforma adlandırıb. O, əlavə edib ki, FAST vasitəsilə kənd təsərrüfatı sistemlərində iqlim həllərinin həm təsirli, həm də əhatəli olmasını təmin etmək üçün vahid yanaşma qurulur. COP29 sessiyası çərçivəsində Fermerlər üçün Bakı Harmoniya təşəbbüsünün elan edildiyini deyən nazir əsas məqsədin Harmoniya ilə mövcud təşəbbüslər arasında uyğunlaşmanı təşviq edən, iqlim təsirlərinə ən həssas olanları dəstəkləmək üçün konkret fəaliyyət göstərən yeni əməkdaşlıq yolunu yaratmaqdan ibarət olduğunu diqqətə çatdırıb.
O bildirib ki, “Harmoniya” təşəbbüsü bütün müvafiq iqlim təşəbbüslərini bir araya gəlməyə, bilikləri bölüşməyə və fermerlərə dəstəyi gücləndirməyə dəvət edən inklüziv platforma kimi nəzərdə tutulub. “Dialoq və əməkdaşlıq üçün strukturlaşdırılmış məkan yaratmaqla, Harmoniya müntəzəm mübadilə və yaxınlaşma üçün yeni yollara töhfə verməklə FAST-ın məqsədlərinə yaxından uyğunlaşır. “Biz “Harmoniya”nı kənd təsərrüfatı icmalarında davamlılığın qurulmasında iqlim maliyyəsini daha əlçatan və daha effektiv edən birləşdirici təşəbbüs olan FAST Tərəfdaşlığının əsas davamı kimi təsəvvür edirik”.
Müzakirələrdə çıxış edən Misirin kənd təsərrüfatı nazirinin müavini Adel Abdelazeem, COP28 Ərzaq Sistemləri Qrupunun məsləhətçisi Zak Bleicher, Braziliya Xarici İşlər Nazirliyinin İqlim fəaliyyəti şöbəsinin rəhbəri Mario Mottin, FAO-nun İqlim Dəyişikliyi, Ətraf Mühit və Biomüxtəliflik İdarəsinin Baş təbii sərvətlər mütəxəssisi Martial Bernoux, Almaniyanın Ərzaq və Kənd Təsərrüfatı Federal Nazirliyinin Parlament Dövlət Katibi Klaudiya Müller və digər natiqlər iqlim maliyyələşdirməsini sürətləndirmək üçün COP-dan COP-a əməkdaşlığın əhəmiyyəti, FAST və Harmoniya təşəbbüsləri arasında əlaqə, kənd təsərrüfatı sistemlərinin transformasiyası, yeni çağırışlara uyğun dayanıqlı kənd təsərrüfatı sisteminin yaradılması, ətraf mühiti qorumaqla məhsuldarlığın artırılması, bu istiqamətlərdə qlobal əməkdaşlıq məsələlərinə toxunublar.
Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.