Bakıda beynəlxalq kənd təsərrüfatı sərgisi keçiriləcək

Bakıda beynəlxalq kənd təsərrüfatı sərgisi keçiriləcək Çoxsaylı xarici şirkətlərin iştirak edəcəyi sərginin bu il 10 illik yubileyi olacaq
ASK
4 Aprel , 2016 14:09
Bakıda beynəlxalq kənd təsərrüfatı sərgisi keçiriləcək

Bakı. 4 aprel. REPORT.AZ/ Mayın 19-21-də Bakıda kənd təsərrüfatı və qida məhsulları istehsalçılarının irimiqyaslı regional forumu - Azərbaycan beynəlxalq kənd təsərrüfatı sərgisi (“CaspianAgro 2016”) keçiriləcək. Bu il 10 illik yubileyini qeyd edən sərgi keçirildiyi illər ərzində mütəxəssislərin illik görüşü ilə yanaşı, kənd təsərrüfatı üzrə texnika və avadanlıqların, eləcə də məhsul və xidmətlərin nümayişi baxımından da etibarlı platforma olduğunu bir daha sübut edib. Bu barədə "Report"a "Caspian Event Organisers" MMC-dən daxil olan məlumatda bildirilir. 

Kənd Təsərrüfatı Nazirliyi uzun illər ərzində “Caspian Agro” sərgisinə yaxından dəstək göstərir. Sərgi həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir. Sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir.

Bu il “CaspianAgro 2016” sərgisində Almaniya, Gürcüstan, İspaniya, İtaliya, Rusiya, Türkiyə və digər ölkələrdən kənd təsərrüfatı üzrə məhsul və avadanlıqların istehsalçıları və distribyutorları iştirak edəcək. Sərgidə Hollandiya və İndoneziya milli pavilyonla təmsil olunacaq, eləcə də, öz məhsullarını təqdim edəcək çoxlu sayda italyan şirkətlərinin iştirakı gözlənilir. Sərgidə Azərbaycanın kənd təsərrüfatı bazarını öyrənmək istiqamətində ilk addımlarını atan yeni şirkətlər də öz məhsullarını təqdim edəcək. Ənənəvi olaraq, “Caspian Agro” sərgisində ən son avadanlıq və texnika ilə tanışlıq məqsədi ilə Azərbaycanın regionlarını təmsil edən sahibkar və fermerlər üçün info-turlar təşkil olunacaq. Ümumilikdə, sərgi kənd təsərrüfatı sənayesinin ən aktual sahələrini əhatə edərək bir sıra yeniliklərlə tanış olmaq üçün ideal imkan yaradacaq. Bu yeniliklərə quşçuluq fabrikləri üçün avadanlıqlar, istixana avadanlıqları, suvarma sistemləri, heyvandarlıq sektoru üçün avadanlıqlar, substratlar, heyvan və balıq yemləri, toxumlar, mineral gübrələr, kənd təsərrüfatı texnikası və s. daxildir. Bu sektorlarda xarici istehsalçılarla yanaşı, Azərbaycan şirkətləri də iştirak edirlər. Kənd təsərrüfatı texnikasına həsr olunmuş ekspozisiya isə öz zənginliyi ilə seçilməklə yanaşı, "Baku Expo Center"in həm daxilində, həm də xaricində quraşdırılmış platformalarda təşkil olunacaq.

Bu il “CaspianAgro” sərgisinə “Elektron kənd təsərrüfatı” və “Laboratoriya avadanlıqları” adlı iki tamamilə yeni sektor daxil edilib. Belə ki, “Elektron kənd təsərrüfatı” sektoru çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi öz stendində ölkədə kənd təsərrüfatının ümumi monitorinqini, o cümlədən səmərəliliyin təhlilini aparmağa imkan verən elektron sistemi nümayiş etdirəcək. “Laboratoriya avadanlıqları” sektorunda isə digər avadanlıqlarla yanaşı, mikroskop və aparatlar, habelə məhsuldarlığı artırmaq və kənd təsərrüfatı məhsullarını müntəzəm qaydada araşdırmaq (məsələn, bitkinin çəkisini, zərərli maddələrə yoluxma dərəcəsini, habelə tərkibindəki nəmliyin faizini və s. öyrənmək) üçün istifadə olunan laboratoriya cihazları və qurğular təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi