Bakıda arıçılıq məhsullarının Respublika Sərgi-Satış Yarmarkası keçirilir

Bakıda arıçılıq məhsullarının Respublika Sərgi-Satış Yarmarkası keçirilir Bu gün Bakıda arıçılıq məhsullarının 21-ci Respublika Sərgi-Satış Yarmarkası işə başlayıb.
ASK
20 Oktyabr , 2021 11:34
Bakıda arıçılıq məhsullarının Respublika Sərgi-Satış Yarmarkası keçirilir

Bu gün Bakıda arıçılıq məhsullarının 21-ci Respublika Sərgi-Satış Yarmarkası işə başlayıb.

"Report" xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin və "Azərbaycan Arıçılar Assosiasiyası" İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən yarmarka Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) təşkil olunub və noyabrın 7-nə qədər davam edəcək.

Yarmarkaya nazirliyə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-nin Qaradağ rayonu, Xocahəsən yolu, 57 ("Meyvəli bazar") ünvanında yerləşən anbarından ümumilikdə 120 tona yaxın məhsul çıxarılacaq.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları arıçıların iştirakı ilə yarmarkada satışa çıxarılacaq məhsullardan nümunələr götürərək laboratoriya şəraitində yoxlayıb. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olan məhsullar yarmarkaya buraxılıb.

Xatırladaq ki, yarmarkaya qeydiyyat onlayn şəkildə bal.kendden.az saytı vasitəsi ilə 25 sentyabr saat 00:00-dan 29 sentyabr saat 23:59-a qədər həyata keçirilib. Dünyada və ölkəmizdə mövcud olan koronavirus pandemiyası səbəbindən builki yarmarkada hər bir iqtisadi rayondan maksimum 40 nəfər olmaqla ümumilikdə 250 arıçı iştirak edir. Yarmarka iştirakçıları növbəlilik əsasında müəyyən olunub. Belə ki, onlayn qaydada ilk qeydiyyatdan keçmiş arıçıların iştirakları təsdiqlənib.

Yarmarkada iştirak üçün hər bir arıçıya Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçərkən etdiyi bəyana uyğun olaraq minimum 25 arı ailəsinə malik olması tələbi qoyulub. Yarmarkada yalnız COVID-19 pasportuna və ya immun sertifikatına malik arıçılar iştirak edə bilirlər. Yarmarka ərazisinin zonalara və sektorlara bölünməsi, həmçinin arıçıların yer bölgüsü püşkatma vasitəsi ilə müəyyən edilib. Bir arıçı yarmarkada maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilər.

Son xəbərlər

Orphus sistemi