Azərbaycanla Türkiyə kənd təsərrüfatı infrastrukturu və ərazilərin qiymətləndirilməsi sahəsində əməkdaşlıq edəcək.
Kənd Təsərrüfatı Nazirliyindən "Report"a verilən məlumata görə, bu, nazir Məcnun Məmmədovun Türkiyəyə rəsmi səfəri çərçivəsində bu ölkənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı ilə keçirdiyi görüşdə müzakirə olunub.
Görüşdə tərəflər iki ölkənin kənd təsərrüfatı sahəsində əməkdaşlığının mövcud vəziyyəti və genişləndirilməsi barədə müzakirələr aparıblar.
Azərbaycanlı nazir Türkiyənin bütün sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsində də Azərbaycanın etibarlı tərəfdaşı olduğunu deyib. Hər iki dövlət aqrar tədqiqatlar, təhsil, pambıqçılıq, toxumçuluq, baytarlıq, aqrar sığorta və digər sahələr üzrə səmərəli əməkdaşlıq edir. Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aqrar sahə ilə bağlı həyata keçirdiyi layihələrin əhəmiyyətini xüsusi qeyd edən nazir bu istiqamətdə birgə əməkdaşlığın bundan sonra daha sıx şəkildə davam etdiriləcəyini deyib. İki ölkənin iş adamlarının iştirakı ilə keçirilən aqrar sahə üzrə birgə forumların əhəmiyyətinə toxunan nazir belə tədbirlərin əlaqələri gücləndirdiyini vurğulayıb.
Türkiyəli nazir isə Azərbaycanla kənd təsərrüfatı sahəsində ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın genişləndirilməsi istiqamətində addımlar atıldığını, işğaldan azad olunmuş ərazilərin kənd təsərrüfatı potensialından səmərəli istifadə etmək istiqamətində birgə fəaliyyətin uğurla davam etdirildiyini deyib. Nazir Türkiyənin kənd təsərrüfatı infrastrukturu və ərazilərin qiymətləndirilməsi istiqamətində böyük təcrübəyə malik olduğunu, bu istiqamətdə təcrübəsini qardaş Azərbaycanla bölüşməyə hazır olduğunu bildirib.
Görüşdə Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlərin hüquqi-normativ bazasının daha da təkmilləşdirilməsi, iki ölkə arasında ticarət dövriyyəsində kənd təsərrüfatı məhsullarının xüsusi payının artırılması, aqrar sığorta, elmi tədqiqat və təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələr aparılıb. Nazirlər bu istiqamətlər mövcud potensialdan maksimum istifadə etmək üçün birgə fəaliyyəti genişləndirmək barədə razılığa gəliblər. Tərəflər, həmçinin Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsinin Bakıda keçirilmiş son iclasında razılaşdırılmış əməkdaşlıq istiqamətləri üzrə uğurlu fəaliyyətin davam etdirildiyini qeyd edərək, Komitənin Türkiyədə planlaşdırılan 11-ci iclasına hazırlıq işlərini dəyərləndiriblər.
Görüşün sonunda tərəflər “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyi arasında kənd təsərrüfatı infrastrukturu və ərazilərin qiymətləndirilməsi məsələləri üzrə əməkdaşlıq haqqında” Niyyət Bəyannaməsi imzalayıblar. Bəyannamədə Türkiyədə həyata keçirilən kənd təsərrüfatı infrastrukturu və ərazilərin qiymətləndirilməsi fəaliyyətlərinin Azərbaycan Respublikasında tətbiqi imkanlarının araşdırılması və təcrübə mübadiləsi aparmaq niyyəti öz əksini tapıb. Bu sahədə fəaliyyətlərin səmərəli şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə birgə işçi qrupunun yaradılması nəzərdə tutulur.