Azərbaycanla İsrail arasında tərəvəz toxumçuluğu ilə bağlı layihə həyata keçiriləcək

Azərbaycanla İsrail arasında tərəvəz toxumçuluğu ilə bağlı layihə həyata keçiriləcək Bakı. 15 noyabr. REPORT.AZ/ Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav ilə görüşüb.
ASK
15 Noyabr , 2017 09:08
Azərbaycanla İsrail arasında tərəvəz toxumçuluğu ilə bağlı layihə həyata keçiriləcək

Bakı. 15 noyabr. REPORT.AZ/ Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyindən “Report”a verilən məlumata görə, görüşün məqsəd iki ölkə arasında aqrar sahədə gələcək əməkdaşlıq imkanlarının müzakirəsi olub.

S.Talıbov Azərbaycanla İsrail arasında kənd təsərrüfatı sahəsində əlaqələrin yüksək səviyyədə olduğunu və bu sahədə əlaqələrin daha da gücləndirilməsini məqsədəuyğun hesab edib. İşgüzar münasibətlər üçün geniş imkanların olduğunu diqqətə çatdıran nazir müavini Strateji Yol Xəritəsində qarşıya qoyulmuş əsas hədəflər, o cümlədən ərzaq təhlükəsizliyinin təmin olunması, rəqabət qabiliyyətli məhsullar istehsal edilməsi və ixrac yönümlü sahələrin inkişaf etdirilməsi barədə danışıb.

O, İsrailin suvarma sahəsində yüksək təcrübəyə malik olduğunu və Azərbaycanda bu təcrübənin tətbiqinin əhəmiyyətini qeyd edib. S.Talıbovun sözlərinə görə, Azərbaycan 2005-ci ildən indiyə qədər İsraildən suvarma avadanlıqları, o cümlədən İsrail-Türkiyə birgə istehsalı olan bir çox avadanlıqlar alıb.

Nazir müavini İsraildə səfərdə olarkən bu ölkənin kənd təsərrüfatı naziri, həmçinin aqrar sahədə fəaliyyət göstərən aparıcı şirkətlərin nümayəndələri ilə görüşdüyünü və qarşı tərəfin də əməkdaşlıqda maraqlı oduğunu qeyd edib. O, iki ölkə arasında aqrar sahədə əməkdaşlığın hüquqi bazasının yaradılması məqsədilə 13 dekabr 2016-cı ildə, Bakıda “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə İsrail Dövlətinin Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Saziş”in imzalandığını xatırladıb. S.Talıbov bundan sonra əməkdaşlığı daha da genişləndirmək üçün konkret sahələr - baytarlıq, fitosanitar və digər sahələr üzrə sazişlərin imzalanmasını məqsədəuyğun hesab edib. Nazir müavini həmçinin İsrailin “MAŞAV” təşkilatının xətti ilə Azərbaycanın kənd təsərrüfatının müxtəlif sahələrində çalışan mütəxəssislərin bu ölkədə bir sıra təlimlərdə iştirak etdiyini qeyd edib.

O, hazırda Azərbaycanda sağlam və keyfiyyətli toxum istehsalının təşkil edilməsi, toxumçuluqda elmi-praktiki biliklərin genişləndirilməsi və eyni zamanda bu sahədə idxaldan asılılığın azaldılması məqsədilə İsrailin bu istiqamətdə ixtisaslaşmış şirkətləri ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu və tərəvəz toxumçuluğu ilə bağlı layihənin həyata keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb. S.Talıbov korporasiya və informasiya məsləhət xidməti, həmçinin elmi nəticələrin fermer təsərrüfatlarında tətbiqi sahələrində İsraillə əməkdaşlığı məqsədəuyğun hesab edib.

D.Stav isə İsrailin kənd təsərrüfatı sahəsində yüksək təcrübəyə malik olduğunu və bu əməkdaşlığı inkişaf etdirmək üçün həm hüquqi, həm də iqtisadi tərəfdən bazanın olduğunu nəzərə çatdırıb. Səfir mütəmadi olaraq Azərbaycanın bölgələrinə səfər etdiyini, Azərbaycanda aqrar sahənin inkişafı üçün böyük işlər görüldüyünü, müasir kənd təsərrüfatı sisteminin qurulduğunu və xarici təcrübədən bəhrələnməklə bu sahənin inkişafı üçün böyük potensial olduğunu diqqətə çatdırıb. O, iki ölkə arasında kənd təsərrüfatının daha da inkişafı məqsədilə öz səylərini əsirgəməyəcəyini bildirib. 

Son xəbərlər

Orphus sistemi