Yuxarı

​Azərbaycanın yerli üzüm genofondu məhv olmaq üzrədir

Hazırda ölkə ərazisinin 75%-də xarici üzüm növləri əkilir

Bakı. 3 fevral. REPORT.AZ/ Azərbaycanın tanınmış yerli üzüm növləri sürətlə sıradan çıxır. Bu, əsasən Azərbaycanda üzümçülüyün genişləndirilməsi üçün ölkəyə xarici üzüm növlərinin gətirilməsi səbəbindən baş verir. Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutundan (ETÜŞİ) bildirilib.

Belə ki, Cəlilabad, Şamaxı, Qəbələ və digər rayonlar da daxil olmaqla, ölkənin təxminən 75% hissəsində sürətlə xarici üzüm növləri əkib-becərilir. Əcnəbi üzüm növləri Azərbaycana əsasən Fransa, İspaniya, İtaliya, Gürcüstandan gətirilir.

Bundan başqa, elmi müəssisənin mütəxəssisləri qeyd edirlər ki, ölkədə ənənəvi üzümçülüyün inkişafına zərərvericilər də əngəl törədir. Üzümçülükdə ən böyük təhlükə sayılan filloksera xəstəliyidir ki, öz kökü üzərində yetişən üzüm tinglərini məhv edir. ETÜŞİ-nin məlumatına görə, hər il Azərbaycanda öz kökü üzərində bitən 100 minə yaxın üzüm tingi istehsal olunsa da, bu, tələbatı ödəmir. Çünki Azərbaycan ərazisi, Abşeron yarımadası istisna olmaqla, filloksera zərərvericisinə tamamilə yoluxub və belə tinglər geniş becərilmə üçün tövsiyə olunmur. Belə ki, 3, 5, maksimum 10 ildən sonra öz kökü üzərində yetişən üzümlüklər bu xəstəlik nəticəsində tamamilə məhv ola bilər. 

"Bu iş böyük vəsait tələb etdiyi üçün İnstitutun buna gücü çatmır. Xəstlik ölkə ərazisinə ildırım sürəti ilə sirayət etdiyi üçün fermerlər xaricdən ting almalı olurlar", - deyə İnstitutdan bildirilib.

Azərbaycan alimləri üzümçülükdə məhsuldarlığın aşağı olmasının səbəblərinə da aydınlıq gətiriblər. Onlar hesab edirlər ki, Azərbaycana müxtəlif ölkələrdən gətirilən üzümlərə eyni aqro-texniki becərmə texnologiyası tətbiq olunur ki, bu da məhsuldarlığın aşağı düşməsinə gətirib çıxarır.

Qeyd edək ki, ETÜŞİ tərəfindən Azərbaycanın yerli üzüm genofondunun məhv olmasının qarşısını almaq üçün son 3-4 ildə Kənd Təsərrüfatı Nazirliyinə təkliflər təqdim edilib. Nazirlik tərəfindən layihə müsbət rəy alaraq, İqtisadiyyat Nazirliyinə (İN) göndərilib. Hazırda bununla bağlı İN-dən cavab gözlənilir.

Dəyəri 2 mln. manata yaxın olan layihə ölkədə xüsusi üzümçülük təsərrüfatlarının yaradılması, müasir üzüm bağlarının salınması, zərərvericilərə qarşı mübarizənin təşkilini nəzərdə tutur. Alimlər hesab edilər ki, ölkədə üzümün calaq-ting istehsalının təşkili zəruridir. Hər il 1-2 mln. ədəd ting istehsal edən üzümçülük təsərrüfatları yaradılmalıdır.

Mütəxəssislər qeyd edirlər ki, Türkiyə, İspaniya, İtaliya, Fransa, Gürcüstanda xüsusi üzümçülük təsərrüfatları yaradılıb: "Bu təsərrüfatlar zavod kimi böyük bir müəssisələrdir və buna böyük vəsait lazımdır. Orada anaclıq bağları salınmalıdır. Məsələn, 20 ha sahədə davamlı calaqaltı və yerli növlər üçün anaclıq bağlar olmalıdır. Bu əkin materialı tədarük olunduqdan sonra tingçilik təsərrüfatında calaq olur və yetişdirilir, daha sonra isə fermerlərə tövsiyə olunur".

Qeyd edək ki, 2014-cü ilin məlumatına görə, ölkədə üzümlüklərin sahəsi 15 min ha təşkil edib, üzüm istehsalı 150 min tona çatıb. 2020-ci ilə qədər 50 min ha üzümlüyün salınması nəzərdə tutulub ki, bunun üçün yüz milyonlarla ting tələb olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi