Yuxarı
    Bağlamaq

    ​Azərbaycanın quşçuluq müəssisələrində quş ətinin istehsalı aşağı düşüb

    Cəmiyyət sədri: Bazar xaricdən gətirilən quş əti ilə doldurulur

    Bakı. 15 iyul. REPORT.AZ/ "Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il Azərbaycanın quşçuluq müəssisələrində quş əti istehsalı 16 faiz aşağı düşüb".

    Bunu "Report"a açıqlamasında Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev bildirib. 

    Onun sözlərinə görə, bu ilin altı ayı ərzində quşçuluq müəssisələrində 22 min 826 ton quş əti istehsal olunub: "Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz azdır. Yumurta istehsalında artım müşahidə olunub. Belə ki, bu ilin altı ayında 342 milyon 875 min yumurta istehsal olunub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,3 faiz artıqdır".

    A.Vəliyev deyib ki, avqustun 1-dən quşçuluq müəssisələrinin xaricdən gətirdiyi bəzi məhsullardan əlavə dəyər vergisinin (ƏDV) götürülməsi gözlənilir: "Quşçuluq müəssisələri istehsalda lazım olan bütün xammal və avadanlıqları xaricdən gətirir. ƏDV-nin mövcudluğu isə onların işini daha da çətinləşdirir. Gətirilən damazlıq cücələrdən, avadanlıq və dərman preparatlarından ƏDV-nin götürülməsi nəzərdə tutulub. Quşçuluq müəssisələri damazlıq cücələri Türkiyə, Hollandiya, ABŞ, İngiltərə kimi ölkələrdən gətirirlər. Damazlıq yumurta verilmədiyindən damazlıq üçün bir günlük cücələr gətirilir. Avadanlıqlar əsasən Hollandiya və Türkiyədən, dərman preparatları isə daha çox Hollandiyadan gətirilir".

    Cəmiyyət sədri qeyd edib ki, ƏDV-nin götürülməsi maya dəyərinin nisbətən aşağı düşməsinə səbəb olacaq: "Bu da quşçuluq müəssisələrinin işinə müsbət təsir göstərəcək. Quşçuluq müəssisələri hazırda satış sahəsində də problemlər yaşayırlar. İndiyə kimi ölkə bazarına quş əti Türkiyə və Braziliyadan gətirilirdsə, bu siyahıya Ukrayna da əlavə olunub. Bizim bazar o qədər də böyük deyil. Üstəlik, bunu da xaricdən gətirilən məhsullarla doldurduqda yerli müəssisələrin satış poblemi yaranır".

    A.Vəliyev vurğulayıb ki, quşçuluq müəssisələri zəruri yem məhsullarının 80-85 faizini xaricdən gətirir: "Yem məhsulları daha çox Rusiya, Ukrayna və Argentina kimi ölkələrdən gətirilir. Müəssisələrin torpaq sahələrinin olacağı halda bu sahədə müsbət irəliləyişlərin ola bilər. Quşçuluq müəssislərinin hamısı xammala görə xaricdən asılıdır. Nisbətən "Səba" müəssisəsi bəzi yem növləri ilə özünü təmin edə bilir. Çünki həmin müəssisənin özünün torpaq sahəsi var. Qarğıdalı, buğda kimi bitkilər əkməklə yem sahəsində nisbətən də olsa özünü təmin edir. Digər quşçuluq müəssisələrinin isə torpaq sahəsi mövcud deyil. Quşçuluq müəssisələri onlara torpaq sahəsinin verilməsi ilə bağlı bütün müvafiq qurumlara müraciət etsə də, hələ bir nəticə yoxdur. Torpaq sahələri uzun müddət istifadəsiz qaldığından şoranlaşıb. Torpaqların müəssisələrə verilməsi üçün əvvəlcə həmin sahələr münbit vəziyyətə gətirilməli, şoranlaşmadan təmizlənməlidir".

    Cəmiyyət sədri əlavə edib ki, hazırda quşçuluq müəssisələrində quş ətinin bir kiloqramının qiyməti 2 manat 60 qəpik - 2 manat 80 qəpik arasında dəyişir: "Yumurtanın bir ədədinin qiyməti isə çeşidinə görə dəyişir. Hazırda iriliyinə görə ən bahalı yumurta 10, digərlərinin qiyməti isə 7-8-9 qəpik arasındadır".  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi