Azərbaycanın pomidor ixracından gəlirləri 25 %-dək azalıb

ASK
  • 01 dekabr, 2021
  • 08:26
Azərbaycanın pomidor ixracından gəlirləri 25 %-dək azalıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 130 milyon ABŞ dolları dəyərində pomidor ixrac edib.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın noyabr sayında qeyd edilir.

Məlumata görə, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,8 % azdır.

Azərbaycan 2020-ci ilin yanvar-oktyabr aylarında 173 milyon ABŞ dolları dəyərində pomidor ixrac edib.

Qeyd edək ki, Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında ölkədə bostan məhsullarının istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 % artaraq 459 min 864 ton təşkil edib. Ötən il ölkədə 448 min 066 ton bostan məhsulları istehsal edilib.

2021-ci il oktyabr ayının 1-nə ölkədə ümumi sahəsi 1,5 min hektar olan 3 min 174 vahid istixana fəaliyyət göstərib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə istixanalarda yetişdirilən əsas məhsullardan olan pomidorun istehsalı 19,8 % artaraq 279,1 min ton olub.