Yuxarı

Azərbaycanın meyvə-tərəvəz məhsullarının Rusiya bazarlarına ixracının həcmi artırılacaq

Bu, Moskvada Azərbaycan-Rusiya işçi qruplarının görüşündə müzakirə olunub

Bakı. 18 iyul. REPORT.AZ/ Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası komissiya çərçivəsində yaradılmış kənd təsərrüfatı sahəsində əməkdaşlıq və kənd təsərrüfatı məhsullarının təchizatı üzrə İşçi qruplarının görüşü keçirilib.

İqtisadiyyat Nazirliyindən "Report"a verilən məlumata görə, Moskvada keçirilmiş görüşdə Azərbaycan tərəfindən İşçi qrupunun rəhbəri, İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun başçılığı ilə nümayəndə heyəti iştirak edib. Nümayəndə heyətinə İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin fitosanitar və baytarlıq xidmətlərinin və ölkəmizin Rusiya Federasiyasındakı Səfirliyinin nümayəndələri daxil idi.

Rusiya tərəfi isə İşçi qrupunun rəhbəri, Kənd Təsərrüfatı nazirinin müavini Sergey Levin, Kənd Təsərrüfatı Nazirliyinin, o cümlədən Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (Rosselxoznadzor), Federal Gömrük Xidmətinin, pərakəndə ticarət şirkətlərinin Assosiasiyasının və "Rosselxozbank"ın nümayəndələri ilə təmsil olunub.

Görüşdə Rusiya Federasiyasına ixrac edilməsi məqsədilə ət və süd məhsulları istehsal edən Azərbaycan şirkətlərinin Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti tərəfindən aparılan reyestrə, həmçinin Rusiyada ət və süd məhsulları istehsal edən şirkətlərin Azərbaycanda aparılan müvafiq reyestrə daxil edilməsi, meyvə-tərəvəz məhsullarının ixracının həcminin artırılması üçün Rusiya bazarına ixrac prosesində daha əlvelişli şəraitin yaradılması, hər iki ölkədə verilən fitosanitar və baytarlıq sertifikatlarının mübadiləsinin elektron qaydada həyata keçirilməsi prosesinin sürətləndirilməsi və digər məsələlər müzakirə olunub.

Müzakirələrin nəticəsi olaraq, müvafiq orqanların qarşılıqlı əməkdaşlığının aparılması müsbət qiymətləndirilərək, daha da genişləndirilməsi məqsədəuyğun hesab edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi