Azərbaycanın kənd təsərrüfatı istehsalının əsas hissəsi xırda təsərrüfatların payına düşür

Azərbaycanın kənd təsərrüfatı istehsalının əsas hissəsi xırda təsərrüfatların payına düşür Təsərrüfatların birləşməsi həm investorlar üçün cəlbedici ola bilər, həm də müəyyən istehsal və emal müəssisələrinin təşkili üçün imkan yarada bilər
ASK
14 İyul , 2017 12:04
Azərbaycanın kənd təsərrüfatı istehsalının əsas hissəsi xırda təsərrüfatların payına düşür

Bakı. 14 iyul. REPORT.AZ/ Azərbaycanın kənd təsərrüfatında məhsul istehsalının əsas hissəsi hələ də xırda təsərrüfatların payına düşür. “Report” xəbər verir ki, bu barədə Azərbaycanda kənd təsərrüfatı kooperasiyasının inkişafına dair Dövlət Proqramında (2017-2022-ci illər) qeyd edilib.

Proqrama əsasən, ölkədə kənd təsərrüfatı məhsulları istehsalçılarının əksəriyyəti xırda təsərrüfatlar formasında fəaliyyət göstərir: “Rəsmi statistik məlumatlara əsasən, 2005-ci ildə ölkədə ümumi kənd təsərrüfatı istehsalının 96,3%-i ailə kəndli, ev təsərrüfatları və fərdi sahibkarlar, 3,7%-i isə nisbətən böyük torpaq sahələrinə malik kənd təsərrüfatı müəssisələri və digər təşkilatlar tərəfindən həyata keçirilirdisə, 2016-cı ildə bu göstəricilər müvafiq olaraq 92% və 8% olub. Eyni zamanda, kənd təsərrüfatı müəssisələrinin və digər təşkilatların payı bitkiçilik məhsullarının istehsalında 1,4%-dən 5,7%-ə, heyvandarlıq məhsullarının istehsalında isə 6,4%-dən 9,9%-ə yüksəlib”.

Ötən il 1,2 mln. hektar sahədə aparılan əkin üçün yanacaq və motor yağlarına görə dövlət yardımı almaq məqsədi ilə 385,2 min istehsalçı Kənd Təsərrüfatı Nazirliyinə müraciət edib: “Onlardan 74,1%-i 3 hektara qədər, 15,5%-i 3-4,9 hektar, 7,4%-i 5-9,9 hektar, 1,9%-i 10-19,9 hektar, 0,9%-i 20-49,9 hektar, 0,4%-i 50 hektar və daha çox torpaq sahəsinə malikdir. Orta hesabla bir istehsalçıya düşən əkin sahəsinin 3,1 hektar təşkil etməsinə baxmayaraq, əksər istehsalçılara məxsus əkin sahələri orta göstəricidən aşağıdır. Təsərrüfatların 5 hektara qədər torpağa malik olan 89,6%-i ümumi subsidiya alan təsərrüfatların istifadəsində olan torpaqların 51,5%-nə sahiblik edir. Bu təsərrüfatların bir hissəsinin birləşməsi həm investorlar üçün cəlbedici ola bilər, həm də həmin təsərrüfatların bazasında müəyyən istehsal və emal müəssisələrinin təşkili üçün imkan yarada bilər”.

Son xəbərlər

Orphus sistemi