Azərbaycanın əsas tədarük bazarından buğda idxalı 35 %-dən çox azalıb

ASK
  • 16 avqust, 2022
  • 11:31
Azərbaycanın əsas tədarük bazarından buğda idxalı 35 %-dən çox azalıb

Bu ilin ilk 6 ayı ərzində Azərbaycan xaricdən 142,965 milyon ABŞ dolları dəyərində 400 min 749 ton buğda alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 40 % çoxdur, kəmiyyət olaraq – 0,2 % azdır.

Hesabat dövründə Rusiyadan 92,212 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 6,6 % azalıb) 250 min 703 ton (-35,5 %), Qazaxıstandan 50,753 milyon ABŞ dolları dəyərində (16 dəfə artıb) 150 min 046 ton (+12 dəfə) məhsul gətirilib.

İyunda Azərbaycan buğdanı əsasən Rusiyadan alıb. Bu ölkədən tədarükün həcmi iyunda öncəki 5 ayın göstəricisinə nisbətən 20 % artıb.

Qeyd edək ki, ötən il Azərbaycanın idxal etdiyi (6 ölkədən) 1,148 milyon ton buğdanın 95,3 %-i Rusiyanın payına düşüb.