İmişli, Saatlı, Sabirabad və Beyləqan rayonlarında 7-si Pakistandan, 1-i Türkiyədən və 1-i yerli olmaqla yeni pambıq növlərinin sınaq əkininə başlanılıb.
Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyindən (KTN) bildirilib.
Məlumata görə, yeni təcrübənin məqsədi quraqlığa, xəstəliklərə qarşı dözümlü olan toxumları aşkarlamaq və yüksək məhsul əldə etməkdir.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin koordinatoru Nəzakət İsmayılzadə bildirib ki, tənsil etdiyi qurum KTN və Avstriyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə 2 ildir ki, pambıqçılığın inkişafı məqsədilə “Ağıllı kənd təsərrüfatı təcrübələrinin gücləndirilməsi” layihəsi həyata keçirir. Əsas məqsəd pambıq istehsalının həcminin qlobal istiləşmə şəraitinə uyğun artırılmasıdır. Ötən il Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunun təcrübə sahələrində sınaqdan keçirilən pambıq toxumlarının sınaq əkini reallaşdırılır. İnstitutun direktoru Elçin Xəlilovun sözlərinə görə, ötən ildən başlayaraq institutun təcrübə sahələrində bu toxumların sınağı uğurla aparılıb. Belə ki, pambıq sortlarından 55-60 sentner məhsul əldə olunub. Eyni zamanda, bu pambıq sortlarında 45%-dən çox lif çıxımı alınıb. İndi toxumların rayonlar üzrə sınaq əkini aparılır. Məqsəd bölgələrə uyğun özünü daha yaxşı göstərən sortların aşkar edilməsidir. Regiona uyğun toxumların isə gələcəkdə fermer təsərrüfatları üzrə genişləndirilməsi nəzərdə tutulur.