Azərbaycanın kənd təsərrüfatı məhsullarının Pakistana ixracı, bunun üçün müxtəlif dəstək mexanizmləri müzakirə edilib.
“Report” xəbər verir ki, bu barədə müzakirələr kənd təsərrüfatı naziri Məcnun Məmmədovla Pakistanın Azərbaycandakı səfiri Bilal Haye arasında keçirilən ilə görüşdə aparılıb.
Görüşdə qeyd edilib ki, iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq dinamik inkişaf edir. Tərəflər aqrar sahədə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıblar.
Azərbaycan ilə Pakistan arasında aqrar sahədə əməkdaşlıq və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı sahəsində ən müasir texnologiyaların transferi, pambıqçılıq, çəltikçilik, heyvandarlıq sahələrində əməkdaşlığın gücləndirilməsi, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilmə məsələləri müzakirə olunub.
Nazir ölkədə hər il təşkil olunan “Caspian Agro” sərgisinin əhəmiyyətinə toxunub, Pakistanlı iş adamlarını bu sərgidə fəal iştiraka, həmçinin etibarlı və əlverişli biznes mühitini nəzərə alaraq Azərbaycanın kənd təsərrüfatı sektoruna sərmayə qoymaq imkanlarını araşdırmağa çağırıb.
Görüş zamanı kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində Azərbaycan-Pakistan İşçi Qrupunun fəaliyyəti müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.