Azərbaycandan Belarusa gavalı və göyəm ixracı bərpa edilib
- 06 oktyabr, 2022
- 09:32
Bu ilin ilk 7 ayı ərzində Azərbaycan 2,562 milyon ABŞ dolları dəyərində 3 min 114 ton gavalı və göyəm ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 21,3 %, kəmiyyət olaraq – 21,7 % azdır.
Rusiyaya 2,484 milyon ABŞ dolları dəyərində (-20,8 %) 3 min 039 ton (-20 %), Belarusa 64,7 min ABŞ dolları dəyərində 38,97 ton və Qazaxıstana 13,97 min ABŞ dolları dəyərində (-31,5 %) 35,92 ton (-33,3 %) məhsul satılıb.
Beş illik aradan sonra Azərbaycandan Belarusa tədarük bərpa edilib.
Hesabat dövründə 265,2 min ABŞ dolları dəyərində (-0,4 %) 57,64 ton (-13 %) gavalı və göyəm idxal olunub.
İrandan 220,09 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 11,1 % çoxdur) 44,02 ton (+11 %), Cənubi Afrika Respublikasından 30,38 min ABŞ dolları dəyərində (-17,4 %) 3,8 ton (-58,7 %), Türkiyədən 13,91 min ABŞ dolları dəyərində (-55,3 %) 8,81 ton (-49,5 %) və Rusiyadan 0,82 min ABŞ dolları dəyərində 1,02 ton məhsul alınıb.
İki il 10 aylıq fasilənin ardından Rusiyadan tədarük bərpa edilib.