Baramaçılıqda yem bazasının gücləndirilməsi məqsədilə yerli şəraitə uyğunlaşmış tut (çəkil) tinglərinin istehsalı davam edir, kompleks tədbirlər çərçivəsində bu il 1 milyona yaxın yerli tut tingi əkin üçün hazırlanıb.
Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Məlumata görə, tinglərin baramaçılıq rayonlarının ərazisində, kümçülük təsərrüfatlarında və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ayrılmış meşə zolaqlarında əkini nəzərdə tutulur.
Kök hissələrin zədələnməsinin qarşısını almaq məqsədilə xüsusi qablaşdırılmış tinglər Bərdə Baramaqurutma Məntəqəsinə gətirilib və buradan bölgü üzrə rayonlara paylanılıb. Bölgü prosesinə həsr olunmuş tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin inkişafı və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov bildirib ki, “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nda baramaçılığın yem bazasının genişləndirilməsi məqsədi ilə yeni tut (çəkil) tingliyi təsərrüfatlarının yaradılmasının və tut (çəkil) bağlarının salınmasının dəstəklənməsi nəzərdə tutulub və ötən illər ərzində bu istiqamətdə xeyli işlər görülüb. Baramaçılıq rayonlarında yerli şəraitə uyğunlaşmış tinglər əsasında yeni çəkil bağlarının salınması baramaçılıqda yem bazasını möhkəmləndirməklə ipəkqurdlarının bəslənmə dövründə onların daha keyfiyyətli yarpaqla yemlənməsinə imkan verəcək. Çəkil ağaclarının yarpaqları xüsusi olaraq ipəkqurdunun yemlənməsi üçün nəzərdə tutulub.
Çəkil bağlarının salınmasında xüsusi aqrotexniki qaydalara riayət olunmasının vacibliyini vurğulayan şöbə müdiri bu məqsədlə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitututunun əməkdaşları tərəfindən yerlərdə təlimlərın keçirildiyini, tinglərin əkini və onlara qulluq qaydaları haqqında məlumatlandırma işlərinin aparıldığını bildirib.
Qeyd edək ki, 40-dək rayonda yerli şəraitdə istehsal olunmuş tinglər əsasında çəkil bağlarının salınması prosesi ilin sonuna kimi yekunlaşacaq.