Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda yeni qarpız və yemiş növləri yaradılır.
Bunu “Report”a açıqlamasında İnstitutun İdarə Heyətinin sədri Elmar Allahverdiyev bildirib.
“Bildiyiniz kimi İnstitutun fəaliyyət istiqamətlərindən biri də milli bostan bitkilərinin qorunub saxlanılması, onların genefondunun təşkil edilməsidir. Bu məqsədlə son illlər biz ölkəmizə xas olan və qədim zamanlardan becərilən 6 yemiş sortunun köhnə toxumlarını əldə etmişik. Həmin sortları demək olar ki, bərpa etmişik. Həmin sortların adları da millidir: Qəndi, Sineyvaz, Reyhani, Şahnəzər və s. Həmin yemiş sortlarının, həmçinin yeni və perspektivli 10 yemiş sortunun və 5 qarpız sortunun Kürdəmir rayonunda nümayiş əkinləri həyata keçirilib. Burada məqsəd yerli fermerləri, bostançılıqla məşğul olan insanları həmin sortlarla tanış etmək, onları müasir becərmə texnologiyaları haqqında marifləndirməkdir. Həmin sortların meyvələrinin dequstasiyası da planımıza daxildir”,- deyə o qeyd edib.
Bundan başqa, E.Allahverdiyevin sözlərinə görə, İnstitutun seleksiyaçı alimləri Azərbaycanda yeni tərəvəz sortları yaradır: "Alimlərimiz istixanada yetişdirilməsi nəzərdə tutulan 60 pomidor və 21 xiya sortunun hibrid variantını əldə edib. Həmin yeni hibrid sortlar hazırda xüsusi istixana şəraitinə sınaqlardan keçirilir, hər növ istixanada əkilə bilər. Onların məhsuldarlığı, xəstəlik və zəzərvericilərə davamlılığı yoxlanılır”.
Sədr əlavə edib ki, bu il Lerik, Yardımlı və Daşkəsən rayonlarında yeni kartof sortlarının geniş nümayiş sahələri də yaradılıb: “Burada da məqsəd yerli fermerləri yeni məhsuldar və dayanıqlı sortlarla tanış etmək, onların müasir becərmə texnolgiyaları haqqında biliklərini artırmaqdır. Son 2 ildə İnstitutun 9 yeni kartof sortu Dövlət Reyestrinə daxil edilib. Həmçinin səbzə tərəvəzlərin, yəni göyərtilərin də seleksiyasına və toxumçuluğuna son illərdə diqqəti artırmışıq. Bunun nəticəsidir ki, ötən il 4 göyərti sortumuz da rayonlaşdırılıb. Bundan başqa, Tovuz, Şəmkir, Xaçmaz və Lənkəran rayonlarında da nümayiş, seleksiya və toxumluq əkinləri həyata keçirilib. Göründüyü kimi bu il də kifayət qədər yeni işlərimiz çoxdur. Ən əsas prioritet məqsədimiz ölkədə tərəvəzçilik, bostançılıq və kartofçuluq sahəsində elmi-metodiki təminatın daha da yüksəldilməsi və bu sahənin daha da inkişaf etdirilməsidir”.