Bakı. 12 iyul. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti toxum istehsalçısı olan fermerlərə ayrılacaq 1 mln. manat qrantın hansı şərtlərə veriləcəyini açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə xidmətin rəisi Mirzə Əliyev məlumat verib.
"Həmin vəsait ilkin toxum təmizləmə məqsədi ilə ayrılacaq. Fermerlərin texnoloji avadanlığının, texnoloji bazasının inkişafı üçün nəzərdə tutulub", - o qeyd edib.
Nazirlik rəsmisinin sözlərinə görə, qrant almaq üçün bir neçə toxum istehsalçısı birləşərək dövlət xidmətinə müraciət etməlidirlər: "Özəl toxumçular dəyər zənciri boyunca birləşərək müraciət edə bilərlər. Bir toxum istehsalçısı qrupuna düşəcək məbləğ 50 min manat təşkil edəcək. Əgər onlara 100 min manat vəsait lazım olacaqsa, onun 50 min manatını biz ödəyəcəyik".