Azərbaycanda taxılın orta məhsuldarlıq səviyyəsi 30 sentnerə çatdırılıb

Azərbaycanda taxılın orta məhsuldarlıq səviyyəsi 30 sentnerə çatdırılıb Qobustanda "Dəmyə bölgələr üçün yeni taxıl sortlarının yaradılması və toxumçuluğun təşkili" adlı seminar keçirilib
ASK
8 İyun , 2016 14:49
Azərbaycanda taxılın orta məhsuldarlıq səviyyəsi 30 sentnerə çatdırılıb

Bakı. 8 iyun. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Nazirlik yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti və Əkinçilik Elmi-Tədqiqat İnstitutu Qobustan rayonunda “Dəmyə bölgələr üçün yeni taxıl sortlarının yaradılması və toxumçuluğun təşkili” mövzusunda elmi-praktik seminar keçirib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında keçirilən elmi-praktik seminarda Qobustan, Şamaxı, Ağsu, Quba, Xaçmaz, Şabran, Xızı və Qəbələ rayonlarının kənd təsərrüfatı idarələrinin rəisləri, mütəxəssislər və fermerlər iştirak ediblər. Seminarda Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayev çıxış edərək, aqrar sahədə aparılan elmi tədqiqatlar, onların nəticələrinin tətbiqi və elmlə istehsalat arasında səmərəli, çevik əlaqələrin yaradılmasının əhəmiyyəti barədə ətraflı məlumat verib. 

Seminarda Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai “Yeni taxıl sortlarının dəmyə şəraitində potensial məhsuldarlığı və ona təsir edən amillər”, Qobustan Bölgə Təcrübə Stansiyasının direktoru Atabəy Cahangirov “Qobustan BTS-də aparılan tədqiqatlar” barədə çıxış ediblər. Bildirilib ki, dünyada taxılın orta məhsuldarlığı 30 sentner təşkil edir və artıq Azərbaycanda da orta məhsuldarlıq bu səviyyəyə çatdırılıb. Buna baxmayaraq, strateji məhsul olan taxılçılığın inkişafına göstərilən dövlət dəstəyi, bu sahəyə ayrılan subsidiyalar daha yaxşı nəticələr əldə etməyə imkan yaradır. Bu gün tez yetişən sortlar böyük səmərə verir. “Qobustan”, yeni rayonlaşdırılan “Qızıl buğda” sortları bu baxımdan çox sərfəlidir. Quraqlığa davamlı olan həmin buğda sortları vegetasiya dövrünü tez qurtarır. Əlbəttə, məhsuldarlıq üçün qara herik də çox vacibdir.

Yeni sortların yaradılması, toxum istehsalı sahəsində Qobustan Bölgə Təcrübə Stansiyasında kompleks işlər görülür. Burada dənli bitkilərdən arpa və buğdanın, dənli-paxlalı bitkilərdən isə ərzaq noxudunun seleksiyası aparılır. Bu sahədə tədqiqatlar üç istiqamətdə - Əkinçilik Elmi-Tədqiqat İnstitutundan daxil olan "F2" hibrid materialları, beynəlxalq seleksiya mərkəzlərindən daxil olan, habelə yerli şəraitdə aparılan hibridləşmədən alınan materiallar əsasında həyata keçirilir. Son illər bu materiallar əsasında buğdanın “Ruzi 84”, “Qızıl buğda”, “Ləyaqətli 80”, arpanın “Dəyanətli”, “Qüdrətli 48”, ərzaq noxudunun “Sultan” sortları yaradılıb.

Bunlar əvvəlki sortlardan fərqli olaraq tez yetişir, xəstəliyə və quraqlığa davamlıdır. Məhsuldarlıqları isə orta hesabla 7-10 sentner çoxdur. Mərkəzdə, həm də müasir texnologiya ilə həmin sortların elit toxumları istehsal olunur. Hər il kənd təsərrüfatı bölgüsü əsasında toxumçuluq fermer təsərrüfatlarına orta hesabla 300-350 ton toxum satılır.

Çıxışlar zamanı bildirilib ki, seleksiyaçı alimlər tərəfindən Azərbaycanda istehsal olunan taxılın, habelə meyvə və tərəvəzin keyfiyyətinə görə xarici ölkələrdəki məhsullardan üstün olduğu sübut edilib. Seminarda Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin informasiya məsləhət xidməti və aqrar sektora texniki dəstək şöbəsinin müdiri Leyli Ağayeva “İnformasiya-məsləhət xidmətinin aqrar sahədə rolu” barədə danışaraq, fermerlərə kənd təsərrüfatının müxtəlif sahələrində informasiya-məsləhət xidmətlərinin göstərilməsinin zəruriliyini qeyd edib. Bu məqsədlə Qubada “Fermer evi” pilot layihəsinin həyata keçirildiyini bildirib.

Sonda Qobustan Bölgə Təcrübə Stansiyasında təcrübə sahələrinə baxış keçirilib.

Son xəbərlər

Orphus sistemi