Azərbaycanda quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

Azərbaycanda quşçuluğun inkişaf perspektivləri müzakirə olunub İqtisadiyyat Nazirliyində keçirilən görüşdə 10-dan artıq quşçuluq təsərrüfatının nümayəndələri iştirak ediblər
ASK
18 Yanvar , 2016 12:32
Azərbaycanda quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycanın quşçuluq sahəsində mövcud vəziyyəti təhlil etmək, bu sferanın sürətli inkişafı üçün tədbirlərlə bağlı təkliflər hazırlamaq məqsədilə İqtisadiyyat Nazirliyində bu sahədə fəaliyyət göstərən müəssisələrin nümayəndələri ilə görüş keçirilib.  Görüşdə bu sahənin inkişaf perspektivləri müzakirə edilib.

“Report” Nazirliyə istinadən xəbər verir ki, Azərbaycan Quşçular Cəmiyyəti və 10-dan artıq quşçuluq təsərrüfatının nümayəndələrinin iştirak etdiyi görüşdə dövlət başçısı tərəfindən aqrar sahəyə, eləcə də quşçuluğun inkişafına xüsusi diqqət göstərildiyi vurğulanıb, əhalinin tələbatının yerli istehsal hesabına ödənilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyi qeyd olunub.

Görüşdə quşçuluğun inkişafı, quş ətinə olan tələbatın tamamilə yerli istehsal hesabına təmin edilməsi və bu sahədə ixrac potensialının artırılması, sənaye üsulu ilə quş əti istehsalının daha da artırılması imkanları barədə müzakirələr aparılıb.

Eyni zamanda, quşçuluq müəssisələrinin nümayəndələri toyuq əti və yumurtanın maya dəyərinə təsir edən əsas amillər - yem əlavələri, baytarlıq preparatları və vaksinləri, məhsulların satış şərtləri, yem bazasının artırılması üçün əlavə torpaq sahələrinin ayrılması barədə təkliflərini bildiriblər.

Tədbirdə səsləndirilən təkliflər öyrənildikdən sonra həyata keçirilməsi imkanları araşdırılacaq.

Son xəbərlər

Orphus sistemi