Azərbaycanda qadın fermerlərə ötən il 4 milyon manatdan çox güzəştli kredit verilib

Azərbaycanda qadın fermerlərə ötən il 4 milyon manatdan çox güzəştli kredit verilib Ötən il Azərbaycanda aqrar sektorda çalışan 375 sahibkar qadına 4,263 milyon manat güzəşli kredit verilib, onlara 3,205 milyon manatlıq kənd təsərrüfatı avadanlığı və texnikası, damazlıq heyvan güzəştlə satılıb.
ASK
23 Noyabr , 2022 12:02
Azərbaycanda qadın fermerlərə ötən il 4 milyon manatdan çox güzəştli kredit verilib
İlhamə Qədimova

Azərbaycanda ötən il aqrar sektorda çalışan 375 sahibkar qadına 4,263 milyon manat güzəştli kredit verilib, onlara 3,205 milyon manatlıq kənd təsərrüfatı avadanlığı və texnikası, damazlıq heyvan güzəştlə satılıb.

Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Bakıda “Üfüqdə fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” mövzusunda keçirilən forumda bildirib.

O deyib ki, 2021-2022-ci illərdə 56 439 qadın fermerə dövlət büdcəsi hesabına subsidiya ödənilib.

“Nazirlik qadın sahibkarların iqtisadi resurslara çıxış imkanının təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir”, - İ.Qədimova qeyd edib.

“Müasir dövrdə qloballaşma şəraitində qadınların cəmiyyət həyatında fəal təmsilçiliyi, gender bərabərliyi kimi məsələlər mühüm əhəmiyyətə malikdir. Gender bərabərliyinin hərtərəfli təmini Azərbaycan dövlətinin xüsusi əhəmiyyət verdiyi məsələlərdən biridir. Bu gün Azərbaycan qadınları ölkənin sosial-iqtisadi, ictimai həyatda rolu getdikcə artır. Qadınların məşğulluq səviyyəsi bir sıra sahələrdə xüsusilə aqrar və təhsil kimi sahələrdə yüksəkdir. Bütün sahələrdə qadın və kişilərin bərabər təmsil edilməsi vacib amildir. Bu gün biz bunu təşviq edirik. Bu səbəbdən kənd yerlərində yaşayan qadınların iqtisadi fəallıq səviyyəsinin yüksəldilməsinə, xüsusilə onların peşə hazırlığının artırılmasına, kişilərlə bərabər iqtisadi hüquqlarının həyata keçirilməsinə dəstək tədbirləri həyata keçirilir", - nazir müavini söyləyib. 

AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva vurğulayıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasət respublikamızın dinamik inkişafına şərait yaradıb: "Ölkədə qadınların əmək bazarında kişilərlə bərabər hüquqlu iştirakına imkan yaradılması onların idarəetmə, biznes və hakimiyyət strukturlarında daha geniş təmsil olunması ilə nəticələnir. Bu gün Azərbaycanda hər 100 təhsil alanın orta hesabla 47 faizini, işçi qüvvəsinin 49 faizini, məşğul əhalinin 48 faizini, elmi işçilərin isə 53 faizini qadınlar təşkil edir".

O əlavə edib ki, qadın sahibkarlığın inkişafı üzrə komissiyanın fəallığının real nəticəsi olaraq bu günədək 400-dək qadın iş adamı Azərbaycan da Qadın Sahibkarlığının inkişafı Assosiasiyasının ətrafında toplana bilib: "5 il ərzində 70-dən çox beynəlxalq səfərlər, 1500-dən çox tədbirlərə təşkilatçılıq edilib. Biz hər il keçirilən "Üfüqdə Yeni Fürsətlər : Qadın Sahibkarlara Yaşıl İşıq”adlı forumda qadın sahibkarlığı üçün prioritet təşkil edən mövzuları işıqlandırırıq. Bu il isə "Dövlət qurumları, özəl sektor, Qeyri-hökumət təşkilatlarında qadınların rolunun genişləndirilməsi", "Azərbaycanda Qadın Assosiasiyalarının, kollektiv birliklərinin uğurlu nümunələri", "Dayanıqlı inkişaf yolunda qadınların iqtisadi gücləndirilməsi", "Qadınların Milli Biznes Gündəliyi, İşçi qüvvəsində qadınlar: inkişaf imkanları", "İqtisadiyyatda rəqəmsallaşdırma və yeni həyat keyfiyyətinə keçiddə Dövlət qurumları ilə Özəl sektorun birgə əməkdaşlığı", "İdeyadan Biznesə, Biznesdən Karyeraya" adı altında panel müzakirələri keçirdik". 

Xatırladaq ki, forum Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə keçirilib. Forumda 32 ölkədən beynəlxalq tərəfdaş təşkilatların nümayəndələri, qadın sahbkarlar, investorlar, assosiasiyalar, özəl sektor nümayəndələri daxil olmaqla 2000-dən çox şəxs iştirak edib. Qeyd edək ki, konfrans çərçivəsində AQSİA-nın üzvü olan xanımların əl işlərindən ibarət sərgi təşkil olunub. 

Son xəbərlər

Orphus sistemi