Azərbaycanda məhsul istehsalını genişləndirmək və sudan istifadədə qənaətə nail olmaq üçün mütləq şəkildə suyun sistemli şəkildə idarəolunması lazımdır.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakı Su Həftəsi Beynəlxalq Konfransının ("Baku Water Week Conference") açılış mərasimində deyib.
"Hazırda Kənd Təsərrüfatı Nazirliyi Dövlət Su Ehtiyatları Agentliyi ilə konsept olaraq 5 maddə üzərində işləyir. Birincisi, su idarəetməsi ilə bağlı ölkədə və kənd təsərrüfatına yönəlik su idarəetməsi ilə mümkün olan hər yerdə su toplamalıyıq. Böyük ölçülü rezervuarlar yaradılmalıdır, köhnələr bərpa olunmalıdır.
İkincisi, suyun nəqli mümkün qədər qapalı nəqliyyata keçirilməlidir. Bu, mənbədən sahəyə qədər su itkisini azaltmaq üçün vacibdir. Mümkün olmayan yerlərdə əsasən aran zonalarında torpaq kanalları betonlaşdırılmalıdır.
Üçüncüsü, sahədaxili şəbəkə 100 % qapalıya keçirilməlidir. Bunun birinci səbəbi təzyiqli suyun yaradılmasıdır. Bu, fermer üçün idarə olunan suvarma sistemlərindən istifadə imkanı yaradacaq. Belə sistemlərin istifadəsi öz növbəsində məhsuldarlığın artımı, suya qənaət deməkdir.
Dördüncüsu, hər bir fermer tərəfindən istifadə olunan suyun həcmi bilinməlidir.
Nəhayət beşincisi, bunun hamısı bütün ölkə üzrə planlanmalıdır. Fermerlərə əvvəlcədən məlumatlar verilməlidir - hansı mənbədə nə qədər su var, həmin mənbə altında olan nə qədər ərazi su ilə təmin olunub, əkilən məhsulların su tələbatı nə qədərdir. Bütün bunlar sistemli şəkildə planlaşdırılmalıdır", - deyə M. Məmmədov qeyd edib.