Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda kənd təsərrüfatı istehsalı 3% azalıb

    Bu ilin yanvar-oktyabr aylarında bitkiçilik məhsullarının istehsalı 8% azalıb, heyvandarlıq məhsulları üzrə isə 3% artıb

    Bakı. 15 noyabr.REPORT.AZ/ Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının faktiki qiymətlərlə ümumi dəyəri 4 637,5 mln. manat təşkil edib. Keçən ilin eyni dövrü ilə müqayisədə onun sabit qiymətlərlə dəyəri 3,0%, o cümlədən bitkiçilik məhsulları üzrə 8,1 % azalıb, heyvandarlıq məhsulları üzrə istehsal isə 3,1% artıb.

    Dövlət Statistika Komitəsindən "Report"a bildirilib ki, Azərbaycanın aqrar bölməsində bitkiçilik məhsullarının yığımı başa çatıb. Noyabrın 1-i vəziyyətinə 954,8 min hektar taxıl sahəsi (qarğıdalısız) biçilib və hər hektardan orta hesabla 22,8 sentner olmaqla 2 178,8 min ton məhsul götürülüb. Bundan başqa, hesabat dövründə 35,0 min hektar qarğıdalı sahəsindən qıçaları quru dənə çevirməklə 183,0 min ton məhsul toplanıb, hər hektardan orta hesabla 52,2 sentner qarğıdalı dəni götürülüb. Qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə taxıl istehsalı 2 361,8 min ton olub.

    Həmçinin, mövsüm ərzində sahələrdən 819,3 min ton kartof, 1 167,9 min ton tərəvəz, 440,8 min ton bostan məhsulları toplanıb və keçən ilin müvafiq dövrünə nisbətən kartof istehsalı 17,4%, tərəvəz istehsalı 2,0% azalıb, bostan məhsulları istehsalı isə 2,6% artıb. Hektarın orta məhsuldarlığı kartof üzrə 133 sentner, tərəvəz üzrə 154 sentner və bostan məhsulları üzrə 157 sentner olub.

    Noyabrın 1-nə qurudulmuş çəkidə 2,7 min ton tütün yarpağı, 20,3 min ton dən üçün günəbaxan istehsal edilib, emal müəssisələrinə 34,9 min ton xam pambıq yığılaraq satılıb. Bu ilin məhsulu üçün 5 706 hektar sahədə emal üçün şəkər çuğunduru əkilib və hazırda bu məhsulun yığımı davam edir. Hesabat tarixinə 3 024 hektar sahənin (53%) çuğunduru qazılıb və 82,5 min ton məhsul götürülüb.

    Qeyd edək ki, təsərrüfatlarda payız-tarla işləri davam etdirilir. Təmiz herik şumu daxil olmaqla cari ilin payızlıq əkinləri üçün 745,4 min hektar sahədə şum qaldırılıb. Gələn ilin məhsulu üçün 388,8 min hektar sahədə dən üçün payızlıqlar səpilib. Ümumi əkinin 220,6 min hektarı və ya 56,7 %-i buğda, 168,2 min hektarı və ya 43,3 %-i arpa əkinləridir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi