Bakı. 25 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart aylarında Azərbaycanda 2015-ci ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,4%, bitkiçilik məhsullarının istehsalçı qiymətləri isə 20,5% ucuzlaşıb.
Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata əsasən, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,1% bahalaşıb. Bitkiçilik məhsullarının istehsalçı qiymətlərinin ucuzlaşmasına əsasən ölkədə ötən il əvvəlki ilə nisbətən buğdanın məhsuldarlığının yüksəlməsi hesabına onun istehsalının 16,5% artması, dünya bazarında son dövrlər buğdanın qiymətinin aşağı düşməsi, cari ilin yanvar ayından etibarən buğdanın idxalına və satışına ƏDV-nin tətbiqinin dayandırılması təsir göstərib.
Bundan əlavə, bir sıra tərəvəz məhsullarının qiymətləri də aşağı düşüb. Eyni zamanda, bu ilin mart ayında fevral ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,3%, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,1%, heyvandarlıq məhsulları isə 0,4% ucuzlaşıb.
Martda fevral ayı ilə müqayisədə bitkiçilik məhsullarından buğda, arpa və soğanın istehsalçı qiymətlərində ucuzlaşma, qoz, fındıq, alma, şabalıd, nar, heyvanın istehsalçı qiymətlərində isə bahalaşma müşahidə olunub. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Mart ayı ərzində heyvandarlıq məhsullarından quş əti və südün istehsalçı qiymətlərində bahalaşma, yumurta, mal əti, diri qoyun və keçilərin istehsalçı qiymətlərində ucuzlaşma müşahidə olunub. Digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.