Azərbaycanın cənub bölgəsində “Gənc Aqrosahibkarlar” layihəsi çərçivəsində feyxoa bağları üzrə kooperativlərin yaradılması hədəflənir.
Bunu “Report”a Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva deyib.
Onun sözlərinə görə, feyxoa yeganə bitki növüdir ki, ətraf iqlim amillərinə son dərəcə dözümlüdür: "Bu bitki xəstəlik və zərərvericilərə qarşı az mübarizə tədbirləri tələb edir. Kimyəvi dərmanlardan istifadə olunmadığı üçün feyxoa meyvələri ekoloji baxımdan təmizdir. Feyxoa insan sağlamlığı üçün son dərəcə əhəmiyyətli bitkidir. Məqsədlərimizdən biri də feyxoanın ixracına dəstək olmaqdır".
J.Hacıyeva bildirib ki, Birləşmiş Krallığın Xarici İşlər, Birlik və İnkişaf Ofisinin (FCDO) maliyyələşdirdiyi layihə bir neçə tərəfdaşın iştirakı ilə həyata keçiriləcək. Sözügedən tərəfdaşlar Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA), “Finance and Social İnnovation Consulting” MMC (FSIC), Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), “ASK Business Counsulting” MMC və “Dəmirağac” Ekoloji İctimai Birliyidir: Layihənin dəyəri 113 min funt stelingdir”.
“Gənc Aqrosahibkarlar” layihəsinin ümumi məqsədi innovativ və ekoloji cəhətdən təmiz kənd təsərrüfatı texnikası, texnologiyaları və müasir kənd təsərrüfatı xidmətlərinin tətbiqində yeni nəsil gənc kənd sahibkarlarına kömək etməklə Azərbaycanda ev təsərrüfatlarının inkişafına və yoxsulluğunun azaldılmasına töhfə verməkdir. Layihənin xüsusi məqsədi isə, 2025-ci ilə qədər Lənkəran, Astara, Lerik və Masallı rayonlarında fermerlər, xüsusilə də kənd təsərrüfatı ilə məşğul olan gənclər üçün davamlı məşğulluğun və gəlirlərin yaradılmasıdır.
O vurğulayıb ki, hazırda bölgələrdə aqrar sahə üzrə məzunlar ixtisasları üzrə işləmirlər: "Fermerlərlə görüş keçirəndə bu sahədə çalışanlar arasında orta və yuxarı yaşlı nəslin nümayəndələrini görürük. Onlar müasir və dayanıqlı kənd təsərrüfatı texnologiyaların tətbiqi ilə bağlı bir qədər az məlumatlıdırlar. Bu səpkidə gənclərin cəlbini hədəf kimi qoymuşuq”.
Xatırladaq ki, layihə çərçivəsində Azərbaycanın cənub bölgəsində yaşayan 70 gəncin (35 kişi və 35 qadın) kənd təsərrüfatı ilə məşğulluğunun artırılması; tərəvəz və meyvə dəyər zəncirlərinə dövlət və özəl sektorun maliyyələşdirilməsinin artırılması; kənd təsərrüfatı xidmətləri üzrə investisiya siyasətini effektiv formalaşmasına dəstəyin olunması, yaxşı təcrübələrin tətbiqinə təsirin və bu sahədə dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi; fermerlərin permakultura konsepsiyası sahəsində biliklərinin artırılması, iqlim dəyişikliyinin onların dolanışıq vasitələrinə təsirinə qarşı dayanıqlılığın artırılmasını; iki feyxoa kooperativinin yaradılması, fermerlərin bazarlara çıxışının artırılması planlaşdırılır.
Layihə bu ilin oktyabrın 19-nadək davam edəcək.