Azərbaycanda fermerlərə reytinq verilməsinə başlanılır
- 08 sentyabr, 2026
- 12:17
Bu ildən Azərbaycanda fermerlərə subsidiya ödənişi zamanı onların reytinqi nəzərə alınacaq.
"Report" xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)" çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
"Fermer reytinqi ilk dəfə tətbiq olunur. Bu reytinqi keçən ildən test rejimində işə salmışdıq. Bu ildən isə artıq məhz subsiyanın verilməsi üzrə istifadə etməyə başlayacağıq. Fermer reytinqi üç əsas sütun üzərində qiymətləndirilir. Birincisi, fermerin əkdiyi məhsulun iqtisadi faydası, iqtisadi dəyəri; ikincisi, tətbiq etdiyi aqrotexniki tədbirlər və üsullar, qulluğun hansı səviyyədə müasir olub-olmaması; üçüncüsü, iqlimə dayanıqlı aqrar fəaliyyətin göstərilməsi", - deyə o qeyd edib.
Nazir əlavə edib ki, bunların əsasında fermer balı formalaşdırılır: "Bizim bütün fermerlər elektron kənd təsərrüfatında bəyan etdikləri məlumatlara uyğun olaraq qiymətləndirilir. Bu il avans subsiyasının verilməsində ilk dəfə olaraq bunu nəzərə alacağıq. Avans subsiyasının verilməsində 5–100 hektar arasında sahəsi olan fermerlər, birillik əkinlərə və əsas vacib məqam məhz fermer reytinqində 30 və daha yuxarı bal toplamış fermerlər nəzərə alınacaq".