Yuxarı

Azərbaycanda fermerlər kənd təsərrüfatında sığortanın tətbiq olunmasını istəyirlər

Onlar bu haqda kənd təsərrüfatı naziri ilə keçirilən görüşdə bildiriblər

Bakı. 28 avqust. REPORT.AZ/ Kənd təsərrüfatı naziri Heydər Əsədov bu gün Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Nazirliyin mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, görüşdə Lənkəran, Cəlilabad, Lerik, Yardımlı və Astara rayonlarından olan vətəndaşlar iştirak ediblər.

Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 35 nəfərin müraciətinə baxılıb.

Qəbula gələn vətəndaşlar əsasən iri fermer təsərrüfatlarının yaradılması, kənd təsərrüfatında sığortanın tətbiqi, toxum və gübrələrə olan təlabat, cins mal-qaranın alınması, fermerlərə güzəştli kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası ilə təminat, su kanallarının bərpası, ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Qəbul zamanı H.Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi