Bakı. 25 aprel. REPORT.AZ / "Ali məqsədimiz işğal altında olan torpaqlarımızın azad edilməsidir. Sizi əmin edə bilərəm ki, artıq vaxt yetişib ki, sahibkarlar azad edilmiş torpaqlarda layihələr həyata keçirmək üçün öz təkliflərini verə bilərlər". "Report" xəbər verir ki, bunu Bakıda keçirilən “Sahibkarlar günü” adlı konfransda Nazirlər Kabineti Aparatının iqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri Şahin Sadıqov bildirib.
“Bu layihələrin effekti hesabına iqtisadiyyatın, sahibkarlığın inkişafına böyük dəstək veriləcək. Biz buna olduqca nikbin baxırıq”, - deyə Ş.Sadıqov qeyd edib.
Ş.Sadıqov əlavə edib ki, Nazirlər Kabinetinin hazırladığı normativ sənədlərin böyük əksəriyyəti sahibkarlığın inkişafı baxımından olduqca əhəmiyyətlidir: “Hazırda Nazirlər Kabinetində yeni layihələr hazırlanır və bunlar sahibkarlığın inkişafına dəstək göstərilməsi istiqamətində icra edilir”.