Azərbaycanda bal istehsalı 11% artıb

Azərbaycanda bal istehsalı 11% artıb Bununla yanaşı, bal ixracının da tədricən artırılması gözlənilir
ASK
3 Fevral , 2018 13:20
Azərbaycanda bal istehsalı 11% artıb

Bakı. 3 fevral. REPORT.AZ/ Operativ statistik məlumatlara əsasən, Azərbaycanda arı ailələrinin ümumi sayı, təqribən, 300 minə çatıb. Ötən il hər arı ailəsindən 10 kq məhsul götürülüb, yəni bu da, o deməkdir ki, ötən il ölkədə 3 min tona yaxın bal istehsal olunub.

“Report”un verdiyi xəbərə görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev Bakıda keçirilən IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransında məlumat verib.

Onun sözlərinə görə, yerli arıçılarda arıdan baldan başqa digər arıçılıq məhsullarının da istehsalını nəzərdə tutan yeni təcrübə yaranıb. 

Qeyd edək ki, 2016-cı ildə Azərbaycanda 2,7 min ton bal istehsal olunub və artıq 3 ildir ölkə bal ixracı ilə məşğuldur. 

“Azərbaycan balına keyfiyyətinə və tərkibinə görə böyük maraq var. 2016-cı ildə bal ixracı 6 ton olub. 2017-ci ildə isə bundan daha çox ixrac olunub. Ancaq proses yekunlaşmayıb deyə dəqiq rəqəm demək mümkün deyil. Arıçılarla müqavilələr bağlanılıb, əməkdaşlıq qurulub, ixrac davam edir”, - deyə şöbə müdiri qeyd edib. 

Nazirlik rəsmisi bildirib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə bir layihənin icrası artıq yekunlaşıb, növbəti layihənin həyata keçirlməsinə hazırlıq gedir: “Yaxın vaxtlarda layihənin icrasına başlayacağıq, layihə bütün ölkəni əhatə edəcək. Layihədə xüsusən damazlıq işi ön yerdədir. Həmçinin də məhsulun ilkin emalı, qablaşdırılması, arıçıların peşə hazırlığının artırılması kimi məsələlər layihənin prioritetlərinə aiddir”.

Q.Əbdüləliyev hər arı ailəsi üçün subsidiya verilməsi prosesinə identifikasiya başa çatandan sonra başlanılacağını qeyd edib.

Son xəbərlər

Orphus sistemi