Azərbaycanda saxta bal satan arıçıların "qara siyahısı" hazırlanacaq

Azərbaycanda saxta bal satan arıçıların "qara siyahısı" hazırlanacaq Kənd təsərrüfatı nazirinin müavini: “Saxta bal satışı ilə məşğul olanların adları ictimaiyyətə açıqlanacaq”
ASK
15 Oktyabr , 2016 13:38
Azərbaycanda saxta bal satan arıçıların qara siyahısı hazırlanacaq

Bakı. 15 oktyabr. REPORT.AZ/ “Azərbaycanda sərgi-satış yarmarkalarına saxta bal çıxaran arıçıların “qara siyahısı” hazırlanacaq və onlar adları ictimaiyyətə açıqlanacaq”.

"Report"un xəbərinə görə, bunu Bakıda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasının açılış mərasimində kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib. 

"Bu il arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasına 71 ton 700 kq bal çıxarılıb. Amma bütövlükdə yarmarkaya 93 tona yaxın bal təqdim olunub. Kənd Təsərrüfatı Nazirliyi çox ciddi nəzarət tədbirləri həyata keçirib, ilkin olaraq zona baytarlıq laboratoriyalarında, daha sonra Respublika Baytarlıq Laboratoriyasında yoxlamalar həyata keçirilib. Bu tədbirlər nəticəsində təxminən 23,5 ton bal satışdan çıxarılıb, təqribən 55 nəfər arıçı da yarmarkadan kənarlaşdırılıb. Hesab edirik ki, bu yarmarka alıcıların tələbatlarının ödənilməsi, eyni zamanda arıçılıq məhsullarının təbliğat-təşviqat sahəsi kimi bu çox önəmlidir. Odur ki, yarmarkaya ancaq keyfiyyətli məhsullar təqdim olunmalıdır. Nəzarət tədbirləri məhz yarmarkaya kifayət qədər keyfiyyətli balın çıxarılmasını təmin edir", -  deyə S.Talıbov əlavə edib.

Bu il bütün dünyada olduğu kimi, Azərbaycanda da iqlim şəraiti ilə əlaqədar arıçılıq məhsullarının həcminin azaldığını qeyd edən nazir müavini bildirib ki, ötən il məhsuldarlıq yüksək olmuşdu və yarmarkaya 250 ton bal çıxarılmışdı: "Təkcə Avropada arıçılıq sahəsində əldə olunan məhsulların həcmi 60% azalıb".

Azərbaycanda arıların sağlamlığına da diqqət ayrıldığını bildirən S.Talıbov qeyd edib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) heyvandarlıq institutunun nəzdində yaradılmış arıçılıq mərkəzində xüsusi layihə həyata keçirir: "Son illər arıçılığın inkişafına mənfi təsir göstərən mələz arıçılıq istiqamətindən kənarlaşdırırıq və onların təmizqanlı ana arılara olan ehtiyacının ödənilməsi üçün xüsusi layihə həyata keçiririk. Türkiyəli mütəxəssislərin dəstəyi ilə artıq ilkin nəticələr əldə edilib. Təxminən 2-3 ayda 100-ə yaxın təmizqanlı ana arıların əldə olunmasına nail olmuşuq. Gələcəkdə bu cür arıların sayının artırılması nəzərdə tutulub. Bu, arıçılığın intensiv inkişafı istiqamətində əsas addımlardan biri kimi qəbul edilir". 

Son xəbərlər

Orphus sistemi