Bakı. 15 oktyabr. REPORT.AZ/ Azərbaycanda aqrar sığortanın təkmilləşdirilməsi ilə bağlı yaradılan işçi qrupu çərçivəsində xüsusi tədbirlər planı hazırlanacaq.
"Report"un məlumatına görə, bunu jurnalistlərə kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib.
"Məlum olduğu kimi Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda aqrar sığortanın təkmilləşdirilməsi istiqamətində işlərə başlayıb. Kənd təsərrüfatı dünyada ən riskli sahələrdən biridir. Bu sahədə olan risklərin yumşaldılması və fermerlərə dəyən zərərin ödənilməsini təmin etmək üçün 2015-ci ildə Kənd Təsərrüfatı Nazirliyi Maliyyə Nazirliyi ilə birgə kənd təsərrüfatında sığorta işinin yenidən təşkili və bu sahədə dövlət dəstəyinin göstərilməsi üçün xüsusi qanun layihəsi hazırlanıb hökumətə təqdim olundu. Artıq həmin sənədə Milli Məclisdə baxılır.
Həmin işin davamı olaraq əvvəllər Maliyyə Nazirliyinin strukturuna daxil olan Dövlət Sığorta Nəzarəti Xidməti fəaliyyət göstərirdi. Arıtq bu funksiya Nəzarət Palatasına verilib. Odur ki, birgə işlədiyimiz qeyd edilən qanun layihəsi çərçivəsində işçi qrupu səviyyəsində növbəti addımlar atırıq. Aqrar sığortanın təkmilləşdirilməsi ilə bağlı xüsusi tədbirlər planı hazırlanacaq və qanun qəbul edildikdən sonra bu sahəsinin inkişaf etdirilməsi üçün dövlət tərəfindən həyata keçiriləcək stimullaşdırıcı tədbirlərin siyahısı müəyyənləşdirilir və bu istiqamətdə addımlar atılacaq", - deyə S.Talıbov qeyd edib.