2022-ci ildə Azərbaycanda toplanan aqrar sığorta haqlarının məbləği 13,699 milyon manat olub ki, bu da 2021-ci illə müqayisədə 18 % çoxdur.
"Report" xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədr müavini Firdovsi Ağaşirinov Bakıda keçirilən II Aqrobiznes Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ötən il bitkiçilik üzrə 8,773 milyon manat məbləğində sığorta haqqı yığılıb. Bu, 2021-ci illə müqayisədə 41 % çoxdur.
"Ölkənin ərzaq təhlükəsizliyi üçün strateji əhəmiyyət təşkil edən arpa və buğda bitkiləri üzrə 5,66 milyon manat sığorta haqqı yığılıb. Bu isə toplam sığorta haqqının 65 %-ni təşkil edir", - F. Ağaşirinov deyib.
O qeyd edib ki, aqrar sığorta sisteminin əhatə etdiyi fermer sayı 385 min olub: "2022-ci ildə sığortalanan fermer sayı 9 127 təşkil edib".
F. Ağaşirinov əlavə edib ki, Aqrar Sığorta Fondu aqrar sığorta bazarının əsas drayverinə çevrilib.