Azərbaycanda aqrar sektora əlavə güzəştlər verilib

Azərbaycanda aqrar sektora əlavə güzəştlər verilib Bu ildən Azərbaycanda yem və yem əlavələrinin satışı üzrə dövriyyələr daha 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilib.
ASK
1 Yanvar , 2024 17:40
Azərbaycanda aqrar sektora əlavə güzəştlər verilib

Bu ildən Azərbaycanda yem və yem əlavələrinin satışı üzrə dövriyyələr daha 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilib.

“Report” xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib.

Azərbaycanda siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələrə tətbiq edilən ƏDV-dən azadetmənin müddəti 2027-ci il yanvarın 1-nə kimi davam edəcək.

Xatırladaq ki, kənd təsərrüfatı məhsullarının istehsalı, satışı vergidən azaddır və bununla bağlı Vergi Məcəlləsində ayrıca maddələrdə izahlar verilib. Ancaq bütün kənd təsərrüfatı məhsullarının sonrakı mərhələdə dövriyyəsi, yəni, tədarükü və ticarəti tam olaraq vergidən azad deyil. Lakin 2020-ci il yanvarın 1-dən heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr tam olaraq ƏDV-dən azad edilib. Həmin malların siyahısı Nazirlər Kabinetinin 30 iyun 2022-ci il tarixli 251 nömrəli Qərarı ilə təsdiq eidlib. Bu siyahıya yemlərin tərkibinə daxil olan qüvvəli, qaba və sulu şirəli yemlər, bitki və heyvan mənşəli yemlər, heyvandarlıqda və quşçuluqda istifadə olunan müəyyən amin turşuları, həmçinin, yem əlavəsi, müxtəlif təyinatlı minerallar, vitaminlər və digər maddələr daxil edilib.

Qeyd edək ki, artıq bu cür məhsulların bütün zəncirlər üzrə dövriyyəsinin ƏDV-dən azad olunması təbii ki, heyvandarlığın inkişafına öz təsirini göstərəcək. Vergi güzəşti ölkədə istehsal edilən mal əti, qoyun əti, həmçinin, quş ətinin bahalaşmasının qarşısını ala biləcək əsas məsələlərdən biridir.

Çünki mal əti satan şəxslər hər zaman həmin heyvanı fermerlərdən almırlar. Əsasən, tədarük məntəqələrindən əldə edirlər. Bu halda isə satıcı satış zamanı həm ticarət əlavəsini, həmçinin, öz ödədiyi əlavə dəyər vergisini malın üzərinə əlavə edərək satır. Nəticədə, mal ətinin və digər heydandarlıq və quşçuluq məhsullarının dövriyyəsinin ƏDV-dən azad olması təbii ki, son istehlakçının həmin məhsulu aşağı dəyərlə əldə etməsinə səbəb olacaq.

Beləliklə, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələrin tam olaraq ƏDV-dən azad edilməsi ümumilikdə kənd təsərrüfatı sektorunda qiymətlərin artımının qarşısını ala bilən mühüm səbəblərdəndir.

Ölkədə ƏDV dərəcəsi 18 % təşkil edir.

Son xəbərlər

Orphus sistemi