"Kənd yerlərində biznes informasiya sisteminin yaradılmasına dəstək" layihəsi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən kənd təsərrüfatının proqnozlaşdırma metodologiyası olan “AGMEMOD” modelinin Azərbaycanda tətbiqi ilə bağlı Almaniyanın Ərzaq və Kənd Təsərrüfatı Nazirliyinin Tünen İnstitutu (Johann Heinrich von Thünen-Institut) ilə əməkdaşlığa başlanılıb.
Bunu “Report”a açıqlamasında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.
Onun sözlərinə görə, Avropa İttifaqının dəstəyi ilə Aqrar Tədqiqatlar Mərkəzi Tünen İnstitutu tərəfindən “AGMEMOD” modelinin proqram təminatı ilə təchiz edilib və İnstitutun ekspertləri tərəfindən Mərkəzin mütəxəssislərinə modellə bağlı təlim keçilriib: “2022-ci ilin iyun ayında isə Aqrar Tədqiqatlar Mərkəzinin nümayəndə heyətinin Almaniyaya səfəri çərçivəsində Azərbaycanda kənd təsərrüfatı sahəsinin proqnozlaşdırılması prosesində “AGMEMOD” modelindən istifadəsi ilə bağlı Aqrar Tədqiqatlar Mərkəzi ilə Tünen İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, Mərkəzin iki əməkdaşına Tünen İnstitutunda “AGMEMOD” modelinin Azərbaycanda tətbiqi ilə bağlı intensiv təlim keçirilib. Əldə olunmuş razılaşmaya görə, modelin Mərkəz tərəfindən tətbiqinə Tünen İnstitutunun metodoloji dəstəyi davam etdirilir.
Yeri gəlmişkən, Tünen İnstitutu "AGMEMOD" modelinin tətbiqi ilə bağlı Avropa Birliyinə üzv olan və üzvlüyə namizəd ölkələrdən başqa Azərbaycan, Argentina və Şotlandiyadan olan mütəxəssislərə metodoloji dəstək göstərir".
Qeyd edək ki, Tünen İnstitutu bu model və digər proqnozlaşdırma alətləri vasitəsilə Avropa Birliyinin, habelə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Kənd Təsərrüfatı üzrə Perspektivə Baxış (EU Agricultural Outlook, OECD-FAO Agricultural Outlook) hesabatlarının hazırlanmasında iştirak edir.
Xatırladaq ki, bu gün "Kənd yerlərində biznes informasiya sisteminin yaradılmasına dəstək" layihəsinin (KYBİS) bağlanış mərasimi keçirilib. KYBİS-in təqdimatı zamanı əsas nəticələrə diqqət çəkilib. Bunlar məlumatların avtomatik ötürülməsi, interaktiv məlumatların təsviri və mobil tətbiqetmə funksiyalarını özündə birləşdirən elektron məlumat sisteminin (KYBİS) yaradılması; məlumatların emalı, analizi, ekonometrik metodlar və modelləşdirmə ilə bağlı İN və KTN-in bacarıqlarının gücləndirilməsi; mövcud kənd təsərrüfatı informasiya sisteminin ən yaxşı Aİ təcrübələri əsasında təkmilləşdirilməsi, məhsul istehsalının erkən qiymətləndirilməsi sistemi üzrə planın hazırlanması və pilot qaydada tətbiqi; Quba-Xaçmaz regionu üzrə informasiya sistemindən götürülmüş məlumatlara əsasən interaktiv CİS xəritəsinin yaradılması və bölgələrin sosial-iqtisadi göstəricilərinin inteqrasiyası vasitəsilə yerli biznes imkanlarının göstərilməsində İN-nin müvafiq şöbələrinin bacarıqlarının artırılmasıdır. Əsas məqsəd birinci nəticə çərçivəsində hazırlanmış KYBİS portalına xüsusi diqqət yetirməklə, layihəçərçivəsində əldə edilmiş nəticələri yaymaqdır. Bundan əlavə, diqqət olunan nəticələrin və buraxılışların benefisiarlar tərəfindən necə davamlı olacağına yönəldiləcəkdir.