Yuxarı

​Azərbaycana tezliklə ixtisaslaşdırılmış texnika gətiriləcək

Bu gün isə fermerlərə 3 adda 19 ədəd texnika lizinq yolu ilə verilib

Bakı. 13 mart. REPORT.AZ/ Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədovun iştirakı ilə “Aqrolizinq” ASC-nin Ucar rayonlararası təchizat bazasında Almaniya, Finlandiya və Belçikadan gətirilmiş 145 ədəd kombaynın təqdimat mərasimi keçirilib. Onlardan 65 ədədi Belçika istehsalı olan “New Holland”, 50 ədədi Almaniya istehsalı olan "CLASS", və 30 ədədi Finlandiya istehsalı olan “Sampo” kombaynlarıdır.

Nazirliyin mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, respublikanın 30 rayonundan sahibkarların iştirak etdiyi tədbirdə əvvəlcə bazadakı mövcud texnika barədə ətraflı məlumat verilib. Fermer və sahibkarlarla görüşən H. Əsədov bildirib ki, bu gün respublikaya Avropanın ən müasir kənd təsərrüfatı texnikaları gətirilir.

Nazir qeyd edib ki, yaxın günlərdə ixtisaslaşdırılmış texnikaların gətirilməsi də nəzərdə tutulur. Bu tipli texnikaların ölkəmizə gətirilməsi fermer və sahibkarların arzu və istəkləri nəzərə alınaraq həyata keçirilir. Texnikaların sənədləri fermerlərə bir pəncərə prinsipi əsasında yerindəcə istifadəçilərə təqdim edilir ki, bu da fermerlərin texnikanı qısa zamanda əldə etməsinə imkan verir.

Tədbirdə 17 nəfər istifadəçiyə 3 adda 19 ədəd texnika lizinq yolu ilə verilib. Tədbirin sonunda nazir Ucar rayonlararası təchizat bazasında 2014-2015-ci illərdə respublikamıza gətirilmiş mineral gübrələrin saxlanma şəraiti və ehtiyat hissələri anbarı ilə də tanış olub.

Həmin gün H.Əsədov Goranboy rayonunda Yevlax, Samux, Göygöl, Daşkəsən, Goranboy, Xocalı və Kəlbəcər rayonlarının sakinlərini qəbul edib. Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 30 nəfərin müraciətinə baxılıb.

Müraciətlər əsasən fermerlərə güzəştli kreditlərin verilməsi, suvarma sistemindəki vəziyyət, subartezain quyularının qazılması və bərpası, gübrələrin çeşidlərinin artırılması, arıçılığın inkişafı, quşçuluğun inkişafı üçün yem bazasının yaradılması, toxumçuluğun inkişaf etdirilməsi və sertifikatlaşdırılması ilə bağlı olub. Qəbul zamanı nazir vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinlərəyək hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.

Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məslələr isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi