Yuxarı

​Azərbaycana kənd təsərrüfatı heyvanları üçün yeni vaksin gətirilib

Ötən ilin yay-payız aylarında 35 rayonda nodulyar dermatit adlı virus mənşəli xəstəlikdən 259 baş heyvan tələf olub

Bakı. 15 yanvar. REPORT.AZ/ Nodulyar dermatit adlı virus xəstəliyi əleyhinə istifadə olunan Türkiyə istehsalı vaksinlər Azərbaycana gətirilib. "Report"un Kənd Təsərrüfatı Nazliryinə istinadən verdiyi xəbərə görə, 2014-cü ilin yay-payız aylarında ölkənin 35 rayonunda nodulyar dermatit adlı virus mənşəli xəstəlik müşahidə olunub və 6 040 baş heyvan bu xəstəliyə yoluxub. Onlardan 5 781 başı tam sağalsa da, 259 başı yanaşı gedən xəstəliklərin təsirindən tələf olub. Bu aylar ərzində Dövlət Baytarlıq Nəzarəti Xidməti gücləndirilmiş iş rejimində çalışmaqla, bütün bölgələrdə ilkin baytarlıq yardımı göstərib.

Xəstəlik ilk dəfə ölkədə qeydə alınanda onun vaksini olmadığı üçün Türkiyə ilə müqavilə bağlanılıb və xəstəliyin ştammına uyğun vaksin istehsalına start verilib.

Bu vaksinlər 12 mln. doza miqdarında olmaqla artıq 8 mln. doza ölkəyə gətirilib və soyuducusu olan anbara təhvil verilib. Vaksinlər hələlik anbarda saxlanılacaq və Kənd Təsərrüfatı Nazirliyinin bölgüsünə əsasən profilaktiki məqsədlə fevralın 15-dən sonra xəstəlik qeydə alınmış bölgələrə paylanılacaq və heyvanlar arasında peyvəndləməyə start veriləcək.

Qeyd edək ki, xəstəlik qeydə alınmış rayonlarla dağlıq və dağətəyi bölgələr arasında bufer zonanın yaradılması nəzərdə tutulur. Hazırda Azərbaycanda xəstəliklə əlaqədar vəziyyət sabitdir, yeni xəstə heyvanlar qeydə alınmayıb və epizootik vəziyyət nəzarət altındadır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi