Azərbaycana iki ölkədən pestisid idxalı bərpa edilib

ASK
  • 14 mart, 2023
  • 05:55
Azərbaycana iki ölkədən pestisid idxalı bərpa edilib

Ötən il Azərbaycana xaricdən 52 milyon ABŞ dolları dəyərində 6 min 357 ton pestisid (bitkilərin mühafizəsi üçün kimyəvi maddələr) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki illə müqayisədə dəyər ifadəsində 11 % çoxdur, kəmiyyət olaraq – 8 % azdır.

Hesabat dövründə Türkiyədən 27 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 17,1 % çoxdur) 3 min 733 ton (+2 %), Rusiyadan 4,95 milyon ABŞ dolları dəyərində (+15,3 %) 585 ton (-21 %), Çindən 4 milyon ABŞ dolları dəyərində (-3 %) 533 ton (-16 %), Fransadan 4 milyon ABŞ dolları dəyərində (-6 %) 229 ton (-12 %), Hindistandan 2,6 milyon ABŞ dolları dəyərində (+2,2 dəfə) 354,3 ton (+40 %) maddə idxal edib.

Azərbaycana Birləşmiş Ərəb Əmirliklərindən (37 min ABŞ dolları dəyərində 2,3 ton), Finlandiyadan (0,03 min ABŞ dolları dəyərində 0,01 ton), Özbəkistandan (189 min ABŞ dolları dəyərində 19,3 ton), Portuqaliyadan (0,1 min ABŞ dolları dəyərində 0,01 ton) və Yunanıstandan (0,1 min ABŞ dolları dəyərində 0,02 ton) tədarük bərpa edilib.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Moldovadan (79 min ABŞ dolları dəyərində 0,13 ton) və Uruqvaydan (2,3 min ABŞ dolları dəyərində 0,01 ton) idxal həyata keçirilib.