Azərbaycan xiyarının xaricdə əsas alıcısı tədarükü kəskin artırıb

ASK
  • 10 yanvar, 2022
  • 12:39
Azərbaycan xiyarının xaricdə əsas alıcısı tədarükü kəskin artırıb

Ötən ilin ilk 10 ayında Azərbaycandan xaricə 6,72 milyon ABŞ dolları dəyərində 4 min 920 ton xiyar göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin analoji dövrü ilə müqayisədə dəyər ifadəsində 36,01 %, kəmiyyət olaraq – 54,03 % çoxdur.

Rusiyaya 6,71 milyon ABŞ dolları dəyərində 4 min 910,05 ton, Gürcüstana isə 2,49 min ABŞ dolları dəyərində 9,95 ton məhsul ixrac olunub. 2020-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə Rusiyaya ixrac müvafiq olaraq 36,26 % və 54,64 % artıb. Bir il 7 aylıq fasilənin ardından Gürcüstana tədarük bərpa olunub. Ölkəmizdə istehsal olunan bu kənd təsərrüfatı məhsulunun əsas tədarük bazarı Rusiyadır. Onun cəmi ixracdakı payı dəyər ifadəsində 2020-ci ilin nəticələrinə görə 99,63 %, 2019-cu ilin – 99,76 %, 2018-ci ilin – 98,88 %, 2017-ci ilin – 99,7 %, 2016-cı ilin – 99,98 %, 2015-ci ilin – 100 % olub.

2021-ci ilin eyni dövründə Azərbaycana xaricdən 1,37 milyon ABŞ dolları dəyərində 2 min 399,94 ton xiyar tədarük olunub ki, bu da əvvəlki ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 2,5 dəfə, kəmiyyət olaraq – 2,4 dəfə çoxdur. İrandan 1,23 milyon ABŞ dolları dəyərində 2 min 244,41 ton, Türkiyədən 134,14 min ABŞ dolları dəyərində 155,53 ton məhsul alınıb. Hesabat dövründə İrandan idxal müvafiq olaraq 2,2 dəfə və 2,2 dəfə, Türkiyədən – 88 dəfə və 56 dəfə artıb.