Azərbaycan və Böyük Britaniya kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarını araşdırır

Azərbaycan və Böyük Britaniya kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarını araşdırır Azərbaycan kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlıqla bağlı bir sıra təkliflər irəli sürüb
ASK
17 Sentyabr , 2015 18:04
Azərbaycan və Böyük Britaniya kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarını araşdırır

Bakı. 17 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov Böyük Britaniya səfirinin müavini Stefan Makkoni ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyindən “Report”a verilən məlumata görə, görüşün məqsədi Azərbaycan və Böyük Britaniya hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyalar çərçivəsində aqrar sahədə əməkdaşlıq imkanlarının müzakirəsindən ibarət olub.

S.Talıbov ölkədə əhalinin 37,8%-nin kənd təsərrüfatı sahəsində çalışdığını, ölkənin aqrar sahədə geniş potensialının olduğunu bildirib. Kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət tərəfindən büdcə vəsaiti hesabına 50 manat yardım verilməsi, habelə “Aqrolizinq” ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin 70%-nin dövlət tərəfindən ödənildiyini nəzərə çatdırıb.

Nazir müavini cari ildə dövlət dəstəyi nəticəsində Azərbaycanda taxılçılıq sahəsində son 100 ildə rekord məhsuldarlığa nail olunduğunu diqqətə çatdırıb.

S.Talıbov Böyük Britaniya ilə kənd təsərrüfatı sahəsində əməkdaşlıqla bağlı bir sıra təkliflər irəli sürüb. Bunlar hər iki ölkənin kənd təsərrüfatı sahəsində müqavilə-hüquq bazasının möhkəmləndirilməsi məqsədilə kənd təsərrüfatı, baytarlıq və bitki mühafizəsi sahəsində sazişlərin hazırlanması imkanlarının araşdırılması, Böyük Britaniyanın damazlıq heyvandarlıq təsərrüfatlarında tətbiq olunan qabaqcıl təcrübənin öyrənilməsi məqsədi ilə təcrübə mübadiləsinin təşkili, birgə tvinninq layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatı sahəsində kadr hazırlığı, hər iki ölkədə təşkil olunan sərgi, konfrans və simpoziumlarda mütəxəssislərin iştirakının təmin olunması ilə bağlı təkliflərdir.

Nazir müavini hər iki ölkənin kənd təsərrüfatı nazirlikləri arasında aqrar sahədə anlaşma memorandumunun imzalanmasını məqsədəuyğun hesab edib. Bildirilib ki, hazırda Kənd Təsərrüfatı Nazirliyi sistemində 8 elmi-tədqiqat institutu fəaliyyət göstərir. Həmin institutların laboratoriyalarının müasir avadanlıqlarla təchiz olunmasına ehtiyac duyulur və bu sahədə də Böyük Britaniyanın dəstəyinə ümidvar olduğunu söyləyib.

S.Talıbov Azərbaycan Dövlət Aqrar Universiteti ilə Böyük Britaniyanın aqrar universitetləri arasında birbaşa əlaqələrin yaradılmasını da məqsədə müvafiq hesab edib. Azərbaycanın regionlarında aqrar sahədə İnformasiya Məsləhət Mərkəzlərinin yaradılmasında Britaniya təcrübəsinin öyrənilməsinin vacibliyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi