Bakı. 3 oktyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu Ukraynanın Şərabçılıq İnstitutu ilə elmi və texniki əməkdaşlıq haqqında saziş imzalamağa hazırlaşır.
Bu barədə "Report"a açıqlamasında Ukraynanın Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Sergey Ştilyuk bildirib.
Onun sözlərinə görə, saziş iki ölkəyə üzümçülük sahəsində təcrübə mübadiləsi aparmağa, bu sahəni birgə inkişaf etdirməyə, digər ölkələrin bazarlarına daxil olmağa imkan verəcək.
Səfirlik rəsmisi onu da deyib ki, Ukraynanın spirtli içki istehsalçıları Azərbaycan bazarını prespektivli hesab edir: "Ukrayna istehsalı olan spirtli içkilərin yüksəkkeyfiyyətli olduğunu nəzərə alaraq Azərbaycan bazarında Rusiya və digər ölkələrə məxsus markalarla rəqabət aparmağı düşünürük. Bu baxımdan, Ukraynanın bütün dünyada, o cümlədən Avropada içki istehsalı üzrə məşhur holdinqlərindən olan "Global Spirits"in Bakıda istehsalın təşkili ilə bağlı planlarını alqışlayırıq. Yaxın vaxtlarda Azərbaycan istehlakçıları bu şirkətin araq, konyak və şampan məhsullarını ala biləcəklər".