Azərbaycan tütün istehsalını 20 dəfə artıra bilər

Azərbaycan tütün istehsalını 20 dəfə artıra bilər Yerli alimlər: "Azərbaycanın tütünçülük sektoru tənəzzül dövrünü yaşayır"
ASK
4 Fevral , 2016 14:59
Azərbaycan tütün istehsalını 20 dəfə artıra bilər

Bakı. 4 fevral. REPORT.AZ/ Hazırda dünyanın ən gəlirli sahələrindən hesab olunan tütünçülük Azərbaycanda tənəzzül dövrünü yaşayır. Vaxtı ikən MDB ölkələrinə tütün ixrac edən Azərbaycanda indi bu sahə diqqətdən kənarda qalıb.

"Report"un Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Əkinçilik İnstitutundan (ETƏİ) aldığı məlumata görə, 2015-ci ildə ölkədə cəmi 1 362 ha sahədə tütün əkilib və 3 400 ton məhsul əldə olunub. Halbuki, əvvəlki dövrlərdə təkcə Şəki-Zaqatala bölgəsində hər il 17 min ha sahədə tütün əkilib və 60-65 min ton tütün toplanıb. Bu həcmin 5-6 min tonu ölkənin daxili tələbatını ödəyirdi, qalan tütün isə xaricə ixrac olunurdu. Eyni zamanda, bu sahə on minlərlə insanı işlə təmin edib və dövlət büdcəsinə böyük gəlir gətirib. 

İnstitutun mütəxəssisləri qeyd edirlər ki, uzun illər Rusiyanın 50 fabriki Azərbaycandan 50 min ton tütün qəbul edib: "Hazırda da Rusiya, Gürcüstan, Türkmənistandan dəfələrlə tütünün alınması üçün müraciətlər edilir. Lakin bu tələbi qəbul etmək olmur". 

Hazırda ölkədə ancaq Zaqatalanın Tala kəndində ABŞ-ın "Inter Tobacco” şirkəti tütün istehsalı və emalı ilə məşğul olur. Şirkət kənddə 50 tütün qurutma kamerası və 7 istixana quraşdırıb. Burada artıq 50% əl əməyindən istifadə edilmir. Amerika şirkəti kənddə dünyada ən keyfiyyətli tütün növü sayılan "Vircinya"nı yetişdirirr. Şirkət tütün şitillərini fermentləşdirilmiş halda becərir və fermerlərə pulsuz verir. Fermerlər də daha sonra yaş tütünün hər kiloqramını şirkətə 14-18 qəpikə satır.

Azərbaycan mütəxəssisləri hesab edirlər ki, bu tipli qurğular respublikanın başqa rayonlarda da olarsa, ölkə tütündən böyük gəlir əldə bilər: "Bu, 1-3 ha sahəsi olan fermerlərin tək görə biləcəyi iş deyil. Buna dövlət səviyyəsində yardım edilməlidir. "Vircinya" olduqca keyfiyyətli tütün növüdür, onun genişləndirilməsi də yaxşı olar. Tütünçülük ölkəyə böyük gəlirlər qazandıra bilər".

Azərbaycanda tütün əkini üçün əlverişli iqlim şəraitinin olduğunu qeyd edən ETƏİ mütəxəssisləri yerli tütün növlərinin orta məhsuldarlığının hər hektara 24-25 sentner olduğunu deyirlər: "Ümumiyyətlə, elmlə iş dünyası arasında əməkdaşlıq çox zəifdir. Hazırda ancaq amerikalılar ölkədə tütünün istehsalı və emalı ilə məşğul olur ki, onlar da məhsulu olduqca ucuz qiymətə alırlar".

Tütünçülükdə daha bir zəruri məsələ toxumçuluğun düzgün təşkil edilməsi ilə bağlıdır. İnstitutun alimləri bu sahədə çətinliklərin olduğunu etiraf edirlər. Onların sözlərinə görə, Azərbaycanı toxumla təmin etmək üçün cəmi 5-6 ha tütün sahəsi mövcuddur. Bu sahənin inkişaf etdirilməsi üçün tütün toxumçuluğunun sistemi qurulmalıdır.

"Bir rayonda 500 fermer varsa, hər biri 1 ha sahədə 0,4-05 qram tütün toxumu səpir. Hər kəs özü üçün şitillik təsərrüfatı yarada bilmir. Onlar mərkəzləşdirilmiş qaydada istixanalarda tütün yetişdirməlidir, Türkiyə modelində olduğu kimi. Məsələn, fermerlər Şəki-Zaqatalada bu işə çox can atırlar", - deyə ETƏİ-dən bildirilib.

Tütünçülükdə əsas problemlərdən biri də tütünün qəbulu ilə məşğul olan qurumun olmamasıdır. Əvvəllər ildə 17 min ton tütün tədarük edən Şəki rayonunda 4 tütün qəbul məntəqəsi olub, lakin indi ümumiyyətlə, yoxdur. Azərbaycan alimləri hesab edirlər ki, tütünün satışı dövlət səviyyəsində təşkil olunmalıdır və ildə 60-65 min ton tütün istehsalının təşkili, yəni, indikinə nisbətən təxminən istehsalın 20 dəfə artırılması mümkündür.

Son xəbərlər

Orphus sistemi