Türk Dövlətləri Təşkilatına üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin 2-ci iclası çərçivəsində aqrar sahədə əməkdaşlığın mövcud vəziyyəti, gələcək əməkdaşlıq perspektivləri ətraflı müzakirə olunub.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov türk dövlətlərindən olan həmkarları ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
"Biz türk dövlətləri ilə kənd təsərrüfatı sahəsində ikitərəfli və çoxtərəfli müstəvidə sıx əməkdaşlıq edirik. Kənd təsərrüfatı və qida məhsulları üzrə ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayələrin təşviqi, aqrar sahədə müasir texnologiyaların transferi, ən yaxşı təcrübələrin qarşılıqlı mübadiləsi, torpaq və suyun səmərəli idarə olunması, kənd təsərrüfatı sığorta sisteminin təşviq edilməsi və digər sahələr üzv dövlətlər arasında gələcək əməkdaşlığın əsas istiqamətləri kimi müəyyən edilib" - deyə nazir qeyd edib.
"Bütün bu qeyd edilən istiqamətlər bugünkü iclasın sonunda həmkarlarımla birgə imzaladığımız kommunikedə öz əksini tapıb"- deyə M.Məmmədov əlavə edib.