Azərbaycan Slovakiyadan mal-qara idxal etməyə başlayıb

ASK
  • 30 yanvar, 2024
  • 09:39
Azərbaycan Slovakiyadan mal-qara idxal etməyə başlayıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycana 17,9 milyon ABŞ dolları dəyərində 5 min 189 ədəd iribuynuzlu ev heyvanı (düyə, inək və digərləri) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 17 %, kəmiyyət olaraq – 27 % azdır.

Hesabat dövründə Azərbaycan Uruqvaydan 6,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 23 % azdır) 2 min ədəd (-28 %), Avstriyadan 2,61 milyon ABŞ dolları dəyərində (-21 %) 728 ədəd (-29 %), Estoniyadan 2,5 milyon ABŞ dolları dəyərində (-28 %) 686 ədəd (-39 %), Almaniyadan 2,3 milyon ABŞ dolları dəyərində (+22 %) 674 ədəd (+3,4 %), Danimarkadan 1,5 milyon ABŞ dolları dəyərində 424 ədəd (bir il əvvəl tədarük olmayıb) mal-qara alıb.

Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Slovakiyadan (54,12 min ABŞ dolları dəyərində 16 ədəd) tədarük həyata keçirilib.

2022-ci ildə Azərbaycana (10 ölkədən) idxal edilmiş 7 min 881 ədəd mal-qaranın 40,6 %-i Uruqvayın, 15 %-i Estoniyanın, 13,7 %-i Avstriyanın, 11,5 %-i Türkiyənin payına düşüb.

44 filmi