Azərbaycan Şimali Makedoniya ilə kənd təsərrüfatı sahəsində memorandum imzalayıb

Azərbaycan Şimali Makedoniya ilə kənd təsərrüfatı sahəsində memorandum imzalayıb Nümayəndə heyəti səfər çərçivəsində Polşa və Şimali Makedoniyanın aparıcı kənd təsərrüfatı müəssisələrinin fəaliyyəti ilə tanış olub, kənd təsərrüfatı tullantılarının azaldılması, su və torpaq resurslarından səmərəli istifadə, innovativ ekoloji həllər, tə
ASK
13 Noyabr , 2023 10:15
Azərbaycan Şimali Makedoniya ilə kənd təsərrüfatı sahəsində memorandum imzalayıb

Azərbaycanla Şimali Makedoniya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq memorandumu imzalanıb.

“Report”un Kənd Təsərrüfatı nazirliyinə istinadən verdiyi məlumata görə, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Polşa və Şimali Makedoniyada səfərdə olub. Səfərdə məqsəd ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq perspektivlərini müzakirə etmək, aqrar sahənin müxtəlif istiqamətləri üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək olub.

M. Məmmədov ilk öncə Polşanın kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Robert Telus ilə görüşüb. Görüşdə qeyd olunub ki, Azərbaycanla Polşa bir çox sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsində də uğurlu əməkdaşlıq edir. Bu əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur. Mövcud potensialı düzgün dəyərləndirməklə iki ölkə arasında kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsini artırmaq mümkündür. Görüşdə aqrar sahədə elmi tədqiqatlar, təhsil, mütəxəssis hazırlığı, torpaqların konsolidasiyası, aqrar innovasiyalar, kənd təsərrüfatının rəqəmsallaşdırılması və digər mövzularda səmərəli müzakirələr aparılıb, kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair işçi qrupunun yaradılması barədə razılıq əldə olunub.

M. Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Şimali Makedoniya Respublikasına səfər çərçivəsində bu ölkənin kənd təsərrüfatı, meşə və su ehtiyatları naziri Lyubço Nikolovski ilə görüşüb. Tərəflər ölkələrimiz arasında aqrar sahədə əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Görüşün sonunda Azərbaycanla Şimali Makedoniya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq memorandumu imzalanıb. Memorandum iki ölkə arasında aqrar sahəya dair birgə işçi qrupunun yaradılmasını, bitkiçilik, heyvandarlıq, aqrar təhsil, mütəxəssis hazırlığı, torpaqların konsolidasiyası və digər sahələrdə əməkdaşlığı genişləndirməyi nəzərdə tutur.

Nümayəndə heyəti səfər çərçivəsində Polşa və Şimali Makedoniyanın aparıcı kənd təsərrüfatı müəssisələrinin fəaliyyəti ilə tanış olub, kənd təsərrüfatı tullantılarının azaldılması, su və torpaq resurslarından səmərəli istifadə, innovativ ekoloji həllər, tətbiq olunan uğurlu təcrübələr barədə fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi