Azərbaycan şəkər idxalına çəkdiyi xərci 22 % artırıb
- 18 noyabr, 2023
- 05:30
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 216,413 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib.
"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 21,7 % çoxdur.
Hesabat dövründə Azərbaycan həmçinin 21,743 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 26,1 % azdır.
10 ay ərzində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları üzrə idxal Azərbaycanın ümumi idxalının 1,53 %-ni, ixrac isə ümumi ixracın 0,07 %-ni təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 43 milyard 520 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 6 % azdır.
Xarici ticarət dövriyyəsinin 29 milyard 346 milyon ABŞ dolları ixracın, 14 milyard 174 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 15,5 % azalıb, idxal isə 22,3 % artıb.
Son nəticədə xarici ticarətdə 15 milyard 172 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 34,4 % azdır.