Yuxarı

Azərbaycan quşçuluq məhsullarının ixracı üçün yeni bazarlar axtarır

Bakıda Beynəlxalq Quşçular Forumu keçirilir

Bakı. 19 avqust. REPORT.AZ/ "Azərbaycanda iqtisadiyyatın bir çox sahələri kimi quşçuluğun daha da inkişaf etdirilməsi daim dövlətin diqqət mərkəzindədir. Azərbaycanda quşçuluq sahəsi son illər sürətlə inkişaf edir. Ölkədə istehsal olunan yüksək keyfiyyətli quş əti daxili tələbatı ödəməklə yanaşı, xarici ölkələrə ixrac potensialı da yaradıb. İntensiv inkişaf sayəsində ölkə 98% quş əti, 100% yumurta istehsalı ilə özünü təmin edir". 

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən Beynəlxalq Quşçular Forumunda çıxışı zamanı Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bildirib. 

O, deyib ki, bu ilin yanvar-iyun aylarında quşçuluq fabriklərində diri çəkidə 30,4 min ton quş əti, 342,9 mln. ədəd yumurta istehsal olunub. Ümumilikdə, fabriklər üzrə cəmi quşların sayı 10,2 mln. baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 106 ədəd yumurta alınıb. 

Tədbirdə iştirak edən Azərbaycan Quşçular Cəmiyyətinin (AQC) sədri Aydın Vəliyev bu gün quş məhsulları istehsalının əvvəlki illərə nisbətən bir neçə dəfə artdığını açıqlayıb: “İllik quş əti istehsalı 100 min tona, yumurta istehsalı 1,5 mlrd. ədədə çatıb. Ölkə əhalisinin quş məhsullarına olan tələbatı yerli istehsal hesabına tam təmin olunur”, - deyə AQC sədri əlavə edib. 

Tədbirdə həmçinin Avrasiya Quşçuluq Assosiasiyasının (AQA) prezidenti Sergey Şabayev AQA-nın qarşısında duran hədəflərdən söhbət açıb. S.Şabayev bildirib ki, bu sahənin inkişaf etdirilməsi üçün böyük imkanlar var. Bu sahədə qarşılıqlı əməkdaşlıq Azərbaycanda quşçuluğun inkişafına əlavə təkan verəcək. 

Forumda eyni zamanda bildirilib ki, hazırda Azərbaycan quş ətinin ixracı üçün potesial xarici bazarları araşdırır, ilkin olaraq MDB ölkələrinə çıxış nəzərdə tutulub. 

Daha sonra forum ayrı-ayrı sesiyalarla işini davam etdirəcək.

Tədbirdə hökumət nümayəndələri, eləcə də avadanlıq, yem əlavələri, baytarlıq preparatları təchizatçısı olan MDB və xarici dövlətlərin, habelə digər maraqlı şirkətlərin, ASK, Azərbaycan və Avrasiya quşçular assosiasiyalarının üzvü olan müəssisələr, əlaqədar təşkilatların rəhbər və səlahiyyətli nümayəndələri iştirak edirlər.

Tədbir ASK və AQA-nın təşəbbüsü və Azərbaycan Quşçular Assosiasiyasının dəstəyi ilə keçirilir.
Qeyd edək ki, ötən il keçirilən Beynəlxalq Quşçuluq Forumu çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Avrasiya Quşçuluq Assosiasiyası arasında birgə əməkdaşlıq müqaviləsi imzalanıb. Bu sənəd əsasında iki təşkilat arasında təcrübə mübadiləsi aparmaqla yanaşı, bu sahədə analitik məlumatların hazırlanması, müasir avadanlıqların əldə edilməsi ilə bağlı əməkdaşlıq da həyata keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi