Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiyalar Mərkəzi ilə Qazaxıstanın İnnovasiyaların İnkişafı üzrə Milli Agentliyi “Qazinnovations” arasında aqrar sahədə texnoloji yeniliklərin transferinə dair əməkdaşlıq memorandumu imzalanıb.
Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Memorandum Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Daşkənd şəhərində keçirilən “Dayanıqlı İnkişaf üçün Yaşıl İnnovasiyalar” mövzusunda İllik İnnovativ İdeyalar Beynəlxalq Həftəsi (“İnnoWeek 2022”) çərçivəsində imzalanıb.
Aqrar İnnovasiya Mərkəzinin rəsmisi beynəlxalq tədbir çərçivəsində Türk Dövlətləri Təşkilatının katibliyi tərəfindən təşkil olunan “Ağıllı şəhər və ağıllı kənd məsələləri üzrə ixtisaslaşmış mütəxəssislər üçün konfrans”da və “Yaşıl innovasiyalar sahəsində texniki əməkdaşlıq mexanizmləri” mövzusunda panel müzakirədə də iştirak edib.