Azərbaycan Qazaxıstandan hindtoyuğu əti tədarük etməyə başlayıb

ASK
  • 25 sentyabr, 2023
  • 09:41
Azərbaycan Qazaxıstandan hindtoyuğu əti tədarük etməyə başlayıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 2,7 milyon ABŞ dolları dəyərində 2 min 44 ton hindtoyuğu əti (təzə və ya soyudulmuş, dondurulmuş) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 58 %, kəmiyyət olaraq – 57 % çoxdur.

Hesabat dövründə Azərbaycan Braziliyadan 1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 dəfə çoxdur) 890,4 ton (+2,5 dəfə), Rusiyadan 723 min ABŞ dolları dəyərində (+6,4 %) 254,4 ton (-3 %), Kanadadan 332,9 min ABŞ dolları dəyərində (+2,6 dəfə) 474,4 ton (+2,6 dəfə), Portuqaliyadan 264,2 min ABŞ dolları dəyərində (-4 %) 201 ton (-11 %), Ukraynadan 79,7 min ABŞ dolları dəyərində (+70 %) 20 ton (-9 %) məhsul alıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qazaxıstandan (73,1 min ABŞ dolları dəyərində 37,5 ton) tədarük həyata keçirilib.

2022-ci ildə Azərbaycana (14 ölkədən) idxal edilmiş 2,8 milyon ABŞ dolları dəyərində hindtoyuğu ətinin 29,6 %-i Rusiyanın, 16,2 %-i Portuqaliyanın, 14,8 %-i Türkiyənin, 13,2 %-i Braziliyanın, 12,2 %-i Kanadanın payına düşüb.