Azərbaycan Polşaya qarpız ixrac etməyə başlayıb
- 18 sentyabr, 2023
- 07:24
Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrə 4,42 milyon ABŞ dolları dəyərində 9 min 735 ton qarpız ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 26 %, kəmiyyət olaraq – 17 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyaya 3,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 44 % azdır) 5 min 191 ton (-48 %), Ukraynaya 887 min ABŞ dolları dəyərində (+3,8 dəfə) 3 min 287 ton (+3,5 dəfə), Estoniyaya 279 min ABŞ dolları dəyərində (+8,2 dəfə) 595 ton (+4,1 dəfə), Belarusa 91 min ABŞ dolları dəyərində (-27 %) 351 ton (-29 %), Gürcüstana 74 min ABŞ dolları dəyərində (+5 dəfə) 269 ton (+3,6 dəfə) məhsul satıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Polşaya (5,12 min ABŞ dolları dəyərində 20,5 ton) tədarük həyata keçirilib.
2022-ci ildə Azərbaycandan (7 ölkəyə) ixrac edilmiş 14 min ton qarpızın 71,1 %-i Rusiyanın, 19 %-i Ukraynanın payına düşüb.